Gündəm 

Uğurlu strategiyanın müəllifi

Hazırda dünyada liderin rolu daha da artmışdır. Çində, Rusiyada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-da və sair ölkələrdə liderin rolunun artması, milli maraqların önə çəkilməsi, hətta ticarət müharibələrinə gedib çıxan millətlərin yarışmasının şahidiyik. Bu yarışmada güclü lider və müasir idarəetmə texnologiyalarını tətbiq edən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün rəqabət qabiliyyətini və milli təhlükəsizliyini gücləndirir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi strategiya nəticəsində Azərbaycan qısa müddətdə yüksək nailiyyətlərə imza atdı. Konkret proqramlar əsasında həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri paytaxt Bakının və bölgələrin simasını tamamilə yeniləşdirdi, regionlarla mərkəz arasında fərq kəskin şəkildə azaldı, ölkədə bütün sahələri əhatə edən nəhəng infrastruktur layihələri reallaşdırıldı. Azərbaycanın enerji təhlükəsizliyi təmin edildi, dövlətimizin başçısı tərəfindən ərzaq təhlükəsizliyi məsələsinin həlli prioritet vəzifələrdən biri kimi müəyyənləşdirildi, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin reallaşdırılmasına başlandı.

Azərbaycanın mühüm coğrafi mövqeyi, strateji əhəmiyyət kəsb edən nəqliyyat infrastrukturunun dünya standartlarına uyğun inkişaf etdirilməsi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, müasir hava limanlarının tikilib istifadəyə verilməsi, ölkə və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəal iştirakçısına və regionun nəqliyyat-kommunikasiya habına çevrilməsinə şərait yaratdı. Təsadüfi deyil ki, bu gün Avropa İttifaqı Azərbaycanın nəqliyyat infrastrukturuna böyük maraq göstərir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyətə malik, eyni zamanda, bütün regionda yeni reallıqlar yaradan mühüm tarixi hadisədir. Bu, xalqımızı, dövlətçiliyimizi məhv olmaqdan xilas edərək sabit inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyevin güclü, müstəqil, suveren Azərbaycan naminə başladığı və Prezident İlham Əliyevin müvəffəqiyyətlə başa çatdırdığı milli inkişafımızın taleyüklü, şanlı bir mərhələsidir. 2020-ci il noyabrın 8-də Qarabağın tacı olan Şuşanın azad edilməsi ilə bağlı xalqa müjdəsini çatdıran Prezident İlham Əliyev fikirlərini belə ifadə etmişdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Prezident İlham Əliyevin bu sözləri ata vəsiyyətinin yerinə yetirilməsi ilə yanaşı, həm də Heydər Əliyevin əsasını qoyduğu və sonrakı dövrdə davam etdirilən müdrik siyasətin, milli dövlət quruculuğu və müasir inkişaf strategiyasının təntənəsi kimi anlaşılmalıdır.

“Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən ulu öndər Heydər Əliyevin qurduğu müasir milli dövlətimiz indi özünün yeni inkişaf mərhələsini yaşayır. Mürəkkəb və ziddiyyətli geosiyasi proseslərin sürətlə cərəyan etdiyi, qarşıdurmaların və münaqişələrin kəskinləşdiyi dünyada indi ölkəmiz üstün mövqeyə, qalib dövlət nüfuzuna sahibdir. Öz iqtisadi qüdrətinə arxalanan Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini uğurla davam etdirir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa başda olmaqla, bütün ərazilərimiz mədəni-tarixi irsimiz qorunmaqla, müasir infrastruktur yaradılmaqla tezliklə regionumuz cənnət guşələrindən birinə çevriləcək və dayanıqlı məskunlaşma təmin ediləcək. Həyata keçirilən layihələr bu əraziləri yaxın müddətdə sülh və əməkdaşlıq bölgəsi kimi dünyaya tanıtdıracaq.

Hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir.

Ulu öndər Heydər Əliyev demişdi: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir”. Bu gün Azərbaycanın ərazi bütövlüyü, Şuşada qürurla dalğalanan milli bayrağımız, milli dövlətimiz, müstəqilliyimiz, suverenliyimiz, dünya xalqları arasında öz layiqli yerimizi tutmaq naminə apardığımız 30 illik mücadilənin qürur doğuran bəhrəsi və məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək müstəqil dövlətimizi qorumaq, yaşatmaq və daha da inkişaf etdirmək bizim ən əsas vəzifəmizdir.

Münəvvər Mikayılova,
Bakı şəhəri, 17 nömrəli tam orta məktəbin direktor müavini

Daha çox xəbərlər