Ulu Öndərin xalqa tarixi müraciəti
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi xidmətlərdən biri də Azərbaycan silahlı qüvvələrini ağır böhranlı vəziyyətdən çıxarması, ordunu siyasi oyunlardan kənarlaşdırılması oldu. Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və ardıcıl siyasəti ilə çox çətin şəraitdə ordu quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordu yaradılmasının əsasını qoydu.
Ulu Öndərin rəhbərliyi altında o zaman respublikanın hərbi təhlükəsizliyinin və suverenliyin qarantı olan ordu yaradılmasının dövlət səviyyəsində həyata keçirilməsi üçün qısa müddətdə qəti və təxirə salınmaz tədbirlər müəyyənləşdirildi. Xalqın və ölkənin bütün imkanları bu mühüm prosesə səfərbər edildi. Bu proses dövlətçilik təcrübəsi və milli maraqlar əsasında aparıldı. Bununla da ordu quruculuğunun yeni bir mərhələsi başlandı. Həmin mərhələnin başlanğıcı isə dövlət başçısı Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti ilə qoyuldu.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yaranmış vəziyyətin tezliklə aradan qaldırılması üçün ilk növbədə xalqa müraciət etdi, xalqı səfərbər olmağa çağırdı. Respublika rəhbəri qeyd edirdi ki, Azərbaycanın gələcək taleyi, onun mövcudluğu xalqın öz əlindədir. Düşmən tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını da azərbaycanlılardan başqa kimsə azad etməyəcəkdir. Prezident xalqa müraciətində bütün ictimaiyyəti mübarizə ruhunda fəaliyyət göstərməyə çağırırdı.
Böyük xilaskarımızın tarixi müraciəti dövlət rəhbərliyi səviyyəsində Azərbaycan xalqını mübarizəyə səsləyən, Azərbaycan xalqını mübarizəyə səsləyən, Vətən müharibəsinə səfərbər olmağa çağıran ilk müraciət etdi. O zaman bu qətiyyətli çağırış Azərbaycan xalqında böyük əks-səda doğurdu və ölkə prezidentinin səyləri cəmiyyətin əksər təbəqələri tərəfindən müdafiə olundu.
Bu müraciət hərb quruculuğu sahəsində yaxın və uzaq gələcək üçün Azərbaycan xalqının qarşısında dayanan proqram sənədinə çevrildi. Bu cəhətinə görə Prezident Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli müraciəti Azərbaycanın hərb quruculuğunda böyük praktiki və tarixi əhəmiyyətə malikdir.
Ali Baş Komandanın tarixi müraciəti təkcə hərb quruculuğu deyil, həm də Azərbaycanın dövlət quruculuğu sahəsində tarixi önəm daşıyan proqram səviyyəli çıxışıdır.

Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi

