15 oktyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gündür.
Bgün Azərbaycan xalqı bir daha müdrik qərar verərək özünün siyasi təminatlı gələcəyini seçmişdir. Bununla da Azərbaycanın siyasi idarəetməsi ümummilli liderdən sonra möhtərəm Prezidentimiz İlham Əliyevə etibar olunmuşdur. Aradan xeyli müddət keçəndən sonra bir daha xalqımızın düzgün qərar verdiyi öz sübutunu real həyatda tapmışdır.
Azərbaycan xalqı postsovet dövründə tarixin bir sıra məhrumiyyətlərilə, tarixin faciələrilə üzləşmişdir. Müstəqillik uğrunda başlayan milli azadlıq mübarizəsi çoxsaylı qurbanların verilməsi ilə nəticələnmişdir. Xalqımızın azadlıq tələbi qarşısında dayana bilməyən imperiya qüvvələri sonunda Azərbaycanın müstəqil dövlətçilik ideyası ilə barışmalı olmuşdular.
Təbii ki müstəqilliyi qazanmaq asan olmadığı kimi, onu əldə saxlamaq ondan da çətin olur. Azərbaycanda mövcud Qarabağ problemi, ermənilərin işğalçılıq siyasəti sayəsində ədalətsiz müharibəyə cəlb olunmağımız, böyük dövlətlərin, xüsusilə də yaxın qonşu dövlətlərin suverenliyimiz sarıdan rahatsız olmaları, müstəqil dövlətçiliyimizə qarşı bədxah niyyətlər, saysız hesabsız təxribatlar hərtərəfli dövlətçiliyimizi təhdidlərlə üzləşdirmiş olurdu. Buna görə də keçmişə baxanda Azərbaycan tarixini bir neçə mərhələyə bölmək olar. Müstəqillik uğrunda mübarizə dövrü, müstəqilliyin ilk illərində ölkədə yaranmış xaos, ümmummilli liderin Naxçıvandan siyasi hakimiyyətə dəvət olunması , Qurtuluş tarixinin yaranması, qurtuluş tarixindən sonra yeni mərhələnin başlanması kimi təhlillər barədə düşünmək mümkündür. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı müstəqilliyimizi təhlükədən sovuşdurmuş oldu. Ağıllı, düşünülmüş siyasət sayəsində Azərbaycan dövlətçiliyi tarixin ən böyük imtahanlarından alnıaçıq, üzüağ çıxmağı bacardı. Və beləliklə Azərbaycanın siyasi, iqtisadi, sosial əsaslar üzərində dövlət siyasəti uğurla həyata keçirilməyə başladı. Azərbaycan yeni beynəlxalq təşkilatlarda təmsil olunmağa davam etməklə daha gur səslə dünyaya sözünü çatdıra bildi. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində diplomatiyamızın zəfəri olaraq beynəlxalq təşkilatlar da ard-arda ədalətli qərarlar çıxarmağı başladı. Dünyada güclü erməni lobbisinin xalqımıza qarşı fəaliyyətinə baxmayaraq Lissabon sammitində ermənilərin diplomatiyasını tam məğlub etməklə Azərbaycan böyük qələbəyə imza atmış oldu. Azərbaycanın neft strategiyasının əsasının qoyulması böyük iqtisadi, siyasi, sosial dirçəlişin həyata keçirilməsi demək idi.
Ümummilli liderimizin qoruyub, saxladığı Azərbaycan dövlətinin etibarlı əllərdə olması tarixi şəraitin tələbi olaraq qiymətləndirilir, xalqımız bu məsuliyyəti açıq-aşkar dərk edirdi. Ümummilli liderimiz Heydər Əliyev də həmişə müdrik qərarlar çıxardığı kimi bu dəfə də Azərbaycanın gələcək hədəflərə apara biləcək namizədin, ancaq İlham Əliyev oluğunu qətiləşdirmiş, bu yolda seçim edərək özünün namizədliyini geri götürmüş və qədirbilən xalqı yeni liderə səs verməyə çağırmışdır. Azərbaycan xalqı dahi liderinə həmişəki kimi inam bəsləməklə ümummilli liderin çağırışına səs verərək, özünün layiqli oğlunu Azərbaycan Respublikasının Prezidenti seçmişdir.
15 oktyabr 2003-cü ildə keçirilən seçkilər nəticəsində inamlı qələbə ilə Prezident seçilən İlham Əliyev “Ümummilli liderin” siyasətinə sadiq qalaraq Azərbaycanı qətiyyətlə yeni-yeni qələbələrə doğru aparmış oldu. Neft strategiyası uğurla davam etdirildi, neftin nəqli üçün nəhəng layihələr reallaşdırıldı, ipək yolu nəqliyyat sistemi yaradılmış oldu. Sosial siyasət təkmilləşdirilərək şəhid və qazi ailələrinin sosial müdafiəsi gücləndirildi. Əməkhaqqı və təqaüdlər artırılmaqla insanların rifahı yüksəldilmiş oldu. Məcburi köçkünlərin mənzillərlə təminatı prosesi həyata keçirildi.
Musa Muradlı – Ekoloji İnformasiya İctimai Birliyinin sədri

