Füzulinin işğaldan azad olunması tarixə yeni zəfər səhifəsi kimi daxil oldu
Füzulinin işğaldan azad olunması xalqımızın və ordumuzun tarixinə yeni zəfər səhifəsi kimi daxil oldu. Düşmən ordusu tərəfindən on illər ərzində texniki-mühəndis istehkamları ilə möhkəmləndirilmiş və hərbi mütəxəssislər tərəfindən alınmaz qala hesab olunan Füzulinin cəbhə xətti ordumuzun şücaəti qarşısında tab gətirə bilməyib parçalandı. Aldığı ilk zərbədən müvazinətini itirən erməni qoşunları Azərbaycan Ordusunun davamlı həmlələrindən sonra silahlarını atıb qaçmağa məcbur oldular. 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri ilə birlikdə daha 62 yaşayış məntəqəsi 27 illik işğaldan azad olundu. Vətən müharibəsinin ən önəmli qələbələrindən biri kimi Füzulinin azad olunması az sonra qazanılacaq tarixi qələbələr üçün möhkəm zəmin yaratdı. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev tərəfindən Füzuli şəhəri ilə Şuşa şəhərini birləşdirən Zəfər Yolunun təməli qoyuldu. Bir ay sonra isə artıq Füzuli şəhərinin baş planı təsdiq olundu. İyirmi yeddi il ərzində mənfur düşmən tərəfindən həyatın bütün nişanələri silinmiş və viran edilmiş Füzuli şəhərinə qısa bir zamanda yeni həyatın gətirilməsi üçün zəruri olan infrastruktur obyektlərinin tikintisinə başlandı. Füzuli–Şuşa, Füzuli-Ağdam, Füzuli–Hadrut istiqamətlərində avtomobil yollarının tikintisi bütövlükdə Qarabağ bölgəsinin abadlaşdırılması və yenidən qurulması kimi nəhəng layihənin ilk mərhələsi oldu.
Bu il, 27 Sentyabr – Anım Günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər etdilər. Ölkə başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin qarşısına gül dəstələri qoydular.
Cənab Prezident xatirə lövhəsinin önündə iki il əvvəl baş vermiş Vətən müharibəsində xalqın yumruq kimi birləşdiyini və bu gücün sayəsində doğma torpaqlarımızı düşmənlərdən təmizlədiyimizi bildirdi. Dövlətimizin başçısı bu müharibəni qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində qalib gəldiyimizi qeyd etdi.
Xatirə lövhəsi qarşısında Vətən, torpaq uğrunda canlarından keçən şəhidlərimiz yad olundu. Xalqın heç zaman öz fədakar qəhrəmanlarını, şəhidlərini unutmayacağı bildirildi. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Qəhrəman əsgər və zabitlərimiz doğma torpaqlarımızı düşməndən təmizləyərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər. Bu gün xalq öz şanlı Zəfərilə fəxr edir.
Qaya parçasından ibarət Xatirə lövhəsi Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılmışdır. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı – Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri – Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidlərimizi məhz bu yerdə vermişik. Ölkə başçısı həmin abidənin yanında düşmənin səngərinin yerləşdiyini, beş-altı müdafiə xəttinin mövcud olduğunu bildirmişdir. Bu istiqamətdə “Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”.
44 gün ərzində Azərbaycan Ordusu usanmadan hər gün qan tökərək, şəhidlər verərək Zəfərə doğru irəliləyirdi. Onlar düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldılar. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. “Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur”.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri

