Gündəm 

17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır

Azərbaycanın qədim və çox böyük tarixə malik bölgələrindən biri də Füzuli rayonudur. Təəssüf ki, bu gün Füzulinin böyük bir hissəsi Ermənistan tərəfindən işğal olunub.Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər olan əraziləri əhatə edir. Bakıdan 325 kilometr aralıda yerləşən rayonun ərazisi 1386 kvadratkilometr, əhalisi isə 105 min nəfərə yaxın idi.

Azərbaycan Ordusunun 27 sentyabrda başladığı əməliyyatlarda əsas zərbə istiqaməti Füzuli idi. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq nümunələri ilə zəngin olan hər bir hərbi əməliyyatın, o cümlədən, Füzuli uğrunda gedən döyüşlərin dərindən öyrənilməsi və cəmiyyətdə geniş təbliğ olunması vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa etdiyi müraciət edərkən bu döyüşlərin tarixi əhəmiyyətini vurğulayaraq, cəsur oğullarımızın göstərdiyi qəhrəmanlıq nümunələrini yüksək qiymətləndirib, qeyd etmişdir ki, Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək, bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Ancaq Müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli rayonu uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən olmuşdur. Çünki düşmən bu rayon ərazisində çox ciddi istehkamlar qurmuşdu. Hətta bəziləri Füzuli rayonun azad edilə biləcəyinə inanmır, bəzi hərbi ekspertlər isə rayonun azad olunması üçün aylarla vaxt lazım olacağını bildiridilər. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin uzun illər ərzində qurmuş olduğu keçilməz istehkamları cəmi bir neçə gün ərzində darmadağın etdi. Düşmənin müdafiə xəttini yarmaqla Azərbaycan Ordusu qədim yaşayış məskənimiz olan Füzulini işğaldan azad etməklə yanaşı mühüm strateji üstünlüklər də qazanmış oldu. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Ordumuz düşməndən qisası döyüş meydanında alırdı. Çünki Azərbaycan Ordusu məsuliyyətli və peşəkar ordudur. Ordumuz öz peşəkarlıq və mərdliyi ilə düşməni qorxuya salmış, Füzuli uğrunda gedən döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Təbii ki, döyüş meydanında göstərdiyimiz gücün mənbəyi də məhz Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanın iradəsidir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin qiymətləndirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalını təsis edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusunu təltif etmişdir.

Ayşən Qasımova,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər