Əsl erməni xisləti
Hərb meydanında uduzanda terrora və təxribata əl atırlar
Oktyabrın 10-dan 11-nə keçən gecə Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobili atəşə tutulub. Dərhal hadisə ilə bağlı Azərbaycanın diplomatik nümayəndəliyi ABŞ-ın müvafiq strukturlarını məlumatlandırıb və kamera görüntülərini təqdim edib. Bununla əlaqədar oktyabrın 12-də ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan tərəfi ona baş vermiş insidentdən ciddi narahatlığını və narazılığını ifadə edib. Eyni zamanda diqqətinə çatdırılıb ki, ABŞ dövləti Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin olunmasına məsuldur və bu öhdəliyini layiqicə yerinə yetirməlidir.
Xatırladaq ki, 2022-ci ilin avqustun 4-də də bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum etmişdi. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxaraq divarlara, pəncərələrə ərəb dilində şüar yazmış və səsləndirmişdilər. Sentyabrın 18-də radikal erməni qrupları Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına hücum edərək zorla binaya daxil olmağa cəhd etmişdilər. Onlar əllərindəki əşyalarla binaya və ətraf əraziyə maddi ziyan vurmuşdular. Sentyabrın 19-da isə Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılmış və görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilmişdi. Elə həmin gün Gürcüstanın paytaxtı Tbilisidə də ermənilər Azərbaycan səfirliyinə qarşı təxribata cəhd etmişdi. Belə ki, Tiflisdə yaşayan ermənilər Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş etmək istəmişdilər.
Ermənilərin səfirliklərimizə hücumlarının xronologiyasına baxdıqda aydın görmək olur ki, onların bu hücumları bizim cəbhədəki hərbi uğurlarımızdan sonra başlayır. Belə ki, Londondakı hadisə Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin terror-təxribat əməlinə cavab olaraq keçirdiyi «Qisas» əməliyyatından bir gün sonraya təsadüf etdi. Fransadakı səfirliyimizə hücum Ermənistanın sərhəd təxribatına Azərbaycan Ordusunun sərt cavabından sonra gerçəkləşdi. ABŞ-dakı səfirliyimizin avtomobilinin atəşə tutulması isə Praqa razılaşmasından sonra baş verdi. Üstəlik, bu hadisənin son vaxtlar məhz ABŞ dövlət katibinin sülh prosesində aktiv mövqe tutduğu bir vaxta təsadüf etməsi də diqqət çəkir. Məhz son hücumu ermənilərin Amerikanın sülh cəhdinə atdığı güllə kimi də dəyərləndirmək olar.
Bu hücumlar müxtəlif ölkələrdə gerçəkləşsə də, şübhə yoxdur ki, bir mərkəzdən idarə olunur. Nəzərə almaq lazımdır ki, ermənilərin ASALA və başqa terror təşkilatları var və onlar yarandıqları gündən Azərbaycan və qardaş Türkiyənin tanınmış insanlarına, səfirliklərinə qarşı terror hadisələri törədiblər. Son hücum cəhdlərinin arxasında da erməni terror qruplarının durduğunu əminliklə demək olar.
Bəli, səfirlik qarşısında etiraz aksiyaları bütün dünyada normal haldır. Azərbaycanın xaricdə yaşayan fəalları da ara-sıra müxtəlif dövlətlərin səfirlik binaları qarşısında bu cür tədbirlər təşkil edirlər. Amma soydaşlarımız diplomatik korpusun yerləşdiyi binaya heç vaxt hücum etməyiblər. Çünki belə bir addım atmaq artıq cinayətdir. Ermənilərin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə hücumları elə həmin dövlətə, konkret halda isə Azərbaycana hücum deməkdir, çünki səfirlik ərazisi hansı ölkədə olursa- olsun bizim ərazimiz sayılır. Ancaq ABŞ-dakı hadisə artıq diplomatlarımıza yönəlik açıq terror cəhdidir.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd olunur ki, son vaxtlar xarici ölkələrdəki erməni icmalarının radikal nümayəndələri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumların sistematik xarakter daşıması, o cümlədən Azərbaycanın Vaşinqton, Paris, Beyrutdakı səfirliklərinə qarşı hücumlar və vandalizm aktları ciddi narahatlıq yaradır. Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi beynəlxalq konvensiyaya uyğun olaraq qəbul edən ölkənin üzərinə düşür.
Son bir neçə ayda xarici ölkələrdəki səfirliklərimizə olan basqın və terror hadisələrinə görə XİN təəssüflə qeyd edir ki, Azərbaycanın diplomatik korpusunun üzvlərinə qarşı törədilmiş hücumlarla bağlı heç kim məsuliyyətə cəlb edilməyib.Təbii ki, bu hücumlar bir daha onu təsdiq edir ki, ermənilər sülh istəmir.
Ümumiyyətlə, Ermənistan müstəqilliyini elan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün terrorizmi dövlət siyasəti vasitəsinə çevirib. Ermənistan Azərbaycan ərazilərinin işğalı prosesində ölkəmizin müxtəlif yerlərində- Ağdamda, Gəncədə, Bakıda xeyli terror aktları törədərək onlarla dinc insanın qanını axıdıb. Eyni zamanda, ötən əsrdən bu yana dünyanın müxtəlif ölkələrində çalışmış 24 türk diplomatı erməni terrorunun qurbanı olub.
Bəli, bu bir erməni xislətidir ki, döyüş meydanında uduzanda rəzilcəsinə diplomatik nümayəndəliklərə, dinc əhaliyə hücum edirlər. ASALA-nı qəhrəmanlaşdıran, faşist və qatil Njdeyə heykəl qoyan, soyqırımlar törədən Daşnaksütyunu siyasi hakimiyyətə iqtidara gətirən ermənilərdən axı başqa nə gözləmək olar?

