Türk dövlətləri ilə iqtisadi əlaqələr hansı səviyyədədir?
Strateji qərarlar və birgə layihələr qardaş xalqları daha da yaxınlaşdıracaq
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Qırğızıstandan sonra oktyabrın 12-də digər türk dövlətinə – Qazaxıstana işgüzar səfərə gəlib. Həmin vaxt qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da Astanada səfərdə olub.
Son dövrlər türk dövlətləri arasında strateji əlaqələrin sürətlə inkişaf etməsi müşahidə edilir. Bu, özünü iqtisadi münasibətlərdə də göstərməkdədir. Digər tərəfdən, inkişaf fondlarının yaradılması qarşılıqlı sərmayə imkanlarını daha da gücləndirəcək.
Bu ilin ilk 7 ayında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 3 milyard 991 milyon dollar olub. Həmin müddətdə Türkiyə ilə 3 milyard 376 milyon, Qazaxıstan ilə 350.1 milyon, Türkmənistan ilə 156.9 milyon, Özbəkistan ilə 103.7 milyon, Qırğızıstan ilə isə 4.5 milyon dollar dövriyyə qeydə alınıb.
Ötən ilin ilk 7 ayında isə ölkəmiz qardaş türk dövlətləri ilə 2 milyard 662 milyon dollarlıq ticarət dövriyyəsinə sahib olub. 2021-ci ilin həmin müddətində Azərbaycanın Türkiyə ilə 2 milyard 502 milyon, Qazaxıstan ilə 58.4 milyon, Özbəkistan ilə 54.2 milyon, Türkmənistan ilə 41.6 milyon, Qırğızıstan ilə isə 5.7 milyon dollar dövriyyəsi həyata keçirilib.
Bu, isə o deməkdir ki, bu ilin ilk 7 ayında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz artıb. Göründüyü kimi, kifayət qədər ciddi artımdır. Bütün bunlar onun göstəricisidir ki, türk dövlətləri yeni inkişaf və əməkdaşlıq mərhələsinə qədəm qoyur. Şübhə yoxdur ki, investisiya fondlarının yaradılması, strateji qərarlar, birgə layihələr türk dünyasını daha da yaxınlaşdıracaq və bütövləşdirəcək.
Bütün digər beynəlxalq tədbirlərdə olduğu kimi, Praqa sammitində də diqqəti çəkən əsas məqamlardan biri qardaş Azərbaycan və Türkiyə dövlət başçılarının səmimi söhbətləri oldu. Məhz buna görə beynəlxalq media sammitdə diqqəti çəkən bu münasibətlərə xüsusi yer ayırdı.
Münasibətlər iki ölkə arasındakı iqtisadi əlaqələrdə də özünü göstərməkdədir. Yuxarıda qeyd edildiyi kimi, bu ilin ilk 7 ayında Azərbaycan ilə Türkiyə arasındakı ticarət dövriyyəsi 3 milyard 376 milyon dollar olub. Bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 26 faiz artım deməkdir. Bütövlükdə, 2021-ci ildə iki ölkə arasında 4.661 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Digər tərəfdən, Türkiyə Azərbaycanın qeyri-neft ixracatında əsas ticarət tərəfdaşına çevrilib. Əvvəllər isə qeyri-neft ixracatında əsas ticarət tərəfdaşımız Rusiya idi.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəinki Azərbaycan-Türkiyə, bötüvlükdə türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da güclənməsinə gətirib çıxaracaq. Regiondakı yeni düzən və dəyişikliklər türk dünyası üçün də yeni imkanlar deməkdir.

