Cəmiyyət 

Məzarlığın dağıdılması azərbaycanlıların tarixi izini silmək cəhdidir

UNESCO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumduqca, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artır

İki əsrdən artıq bir müddətdə erməni barbarları öz havadarlarının köməyi ilə xalqımıza, mədəni-tarixi irsimizə qarşı əsl soyqırımı siyasəti həyata keçiriblər. 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda ulu əcdadlarımızdan bizə miras qalan tarixi, mədəni, memarlıq abidələrimiz və müqəddəs dini inanc yerlərimiz olan məscidlər, türbələr, qəbiristanlıqlar, dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx, Tağlar kimi mağaralar, eləcə də digər nadir maddi və mənəvi mədəniyyət nümunələri erməni vandalizminin qurbanına çevrilib. Erməni barbarları İrəvanda, eləcə də işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş dağıntılar törədib, tarixi-dini abidələri yerlə-yeksan edib, qəbirstanlıqlara qarşı vandallıq aktları həyata keçirib, beləliklə də bu ərazilərdəki azərbaycanlı izlərini tamamilə silməyə çalışıblar. Təbii ki, bütün bunlar təkcə xalqımızın deyil, ümumilikdə bəşəriyyətin mənəvi irsinə qarşı qəsd, dünya mədəni sivilizasiyasına vurulan ağır zərbələr kimi UNESCO-nun 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobud şəkildə pozulmasıdır.

Erməni vandalları xalqımıza məxsus tarixi-etnik torpaqlardakı izləri silməklə kifayətlənməyib, eyni zamanda, qədim türk mənşəli Azərbaycan toponimlərinə qarşı da barbarcasına davranıblar. İndiki Ermənistanın ərazisində yerləşən tarixi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılara qarşı iki yüz ildən çox müddətdə davam edən deportasiya siyasəti nəticəsində hazırda bu ölkədə bir nəfər də azərbaycanlı qalmayıb. Təkcə ötən əsrin 80- ci illərinin sonlarında həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı doğma yurdundan qovularaq qaçqına çevrilib. Beləliklə, Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir. Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. İnsanlıqdan nəsibinin almayan ermənilər xalqımıza məxsus tarixi abidələrin adlarını dəyişdirməklə yanaşı, tanınmış Azərbaycan ziyalılarının, azərbaycanlı şair və yazıçıların ev muzeylərini də dağıdıblar.

Erməni barbarları bu gün də tarixi Azərbaycan torpaqlarında tarixi-mədəni irsimizə, məzarlıqlarımıza qarşı qanunsuz əməllərini həyasızcasına davam etdirirlər. Son günlər sosial şəbəkələrdə erməni vandalları   tərəfindən Azərbaycan qəbiristanlıqlarının dağıdılması ilə bağlı videoların yayılması bunun əyani təsdiqidir. Həmin video materialda qəbir daşlarının yük maşını ilə dağıdıldığı bu görüntülərdə təcavüzkar Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasəti bir daha öz təsdiqini tapır. Yeri gəlmişkən, məkan haqqında dəqiq məlumat olmasa da, “Teleqram” kanalları bunun Basarkeçər ərazisindəki azərbaycanlıların qəbiristanlığı olduğunu bildirirlər.

Bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin Azərbaycan qəbirlərinə qarşı edilən vandallıq aktları ilə bağlı açıqlamasında bildirilir ki, Azərbaycan ərazilərində qanunsuz məskunlaşan erməni əhali, hətta hərbi əməliyyatlar bitdikdən sonra Azərbaycan ərazilərini tərk edən zaman infrastruktura, abidələrə, ətraf mühitə zərər vurub. Militarist Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən müəllifi olduğu urbisid, ekosid və kultursid aktları ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunub: “Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısının alınması, Azərbaycan ərazilərini azad etdikdən sonra missiyanı bölgəyə dəvət etsə də, yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO missiyasının səfərinin hələ də baş tutmaması dərin təəssüf doğurur. Yayılan video-görüntülər Ermənistanın nədən beynəlxalq missiyanın bölgəyə səfərində maraqlı olmadığını aydın şəkildə göstərir. Radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək postmünaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir”.

Təbii ki, ermənilərin bu vandalizm aktlarının dünya ictimaiyyətinə çatdırılması nəticəsində beynəlxalq birlik əsl həqiqətləri gördü. Lakin indiyə qədər bu təkzibolunmaz faktlara beynəlxalq təşkilatlar tərəfindən heç bir reaksiya verilməyib. Birmənalı demək olar ki, UNESCO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumduqca, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artır. Artıq beynəlxalq ictimaiyyət, aidiyyəti təşkilatlar erməni barbarlığına səssiz qalmamalı, bütün bunlara qarşı tədbirlər görməli, cinayətkarlar öz layiqli cəzalarını almalıdırlar.

Daha çox xəbərlər