Azad olunmuş torpaqlarda ermənilər tərəfindən törədilmiş vandalizm onların əsil simasını ifşa edir
2020-ci il bir çox ölkələrin va xalqların tarixində COVİD-19 pandemiyasının tüğyan etdiyi il kimi yadda qalmasına baxmayaraq, Azərbaycan xalqının yaddaşında 2020-ci il Azərbaycan tarixinin ən şərəfli və qürurlu səhifələrinin yazıldığı il kimi qalıb, qalır və qalacaqdır. Məhz həmin ildə 30 illik həsrətə son qoyuldu. Azərbaycan işğal edilmiş torpaqlarını Azad etdi.
2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu genişmiqyaslı təxribatlar törədəndə ağıllarına belə gəlməzdi ki, bu onların məğlubiyyətləri ilə bitəcək müharibəyə çevriləcək. Nə biləydi Ermənilər ki, 30 il ərzində səbr kasası dolan Azərbaycan xalqı üçün 2020-ci ilin 12 iyulunda Tovuz təxribatları nəticəsində başlanan döyüşlər və bu döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun, polkovniki İlqar Mirzəyevin və digər 10 hərbi qulluqçusunun və 1 mülki sakininin “Şəhid” olması axırıncı damla olacaq.
Tovuz döyüşlərindən sonra, tarix boyu dəfələrlə sübut olunmuş və artıq müharibədə qələbənin eleksiri kimi qəbul olunan “Vahid Millət, Vahid İdeya və Vahid Lider” triyosu yarandı. İrqindən, mənsəbindən,dünya görüşündən və siyasi baxışlarından asılı olmayaraq hər bir Azərbaycan vətandaşı və xaricdə yaşayan hətta digər ölkələrin vətandaşı olan soydaşlarımız belə Dəmir Yumruq kimi “Vahid Azərbaycan Milləti” adı altında birləşib, “Qarabağ Azərbaycandır! İdeyası” ilə “Vahid Liderimiz” İlham Heydər oğlu Əliyevin arxasında duraraq “İrəli” əmrini gözləyirdilər.Bu əmr özünün çox gözlətmədi.
27 sentyabr Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu genişmiqyaslı təxribat törətdi. Ali Baş komandan İlham Əliyevin əmri ilə düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Azərbaycan ordusu düşmənin üzərini elə bir əzmlə hücum etdi ki, çaşqınlıq içində olan Erməni ordusu qaçmağa, 30 il ərzində yaratdıqları 180 km uzunluqda olan alınmaz Ohanyan səddi isə çat verməyə başladı. Bununlada Azərbaycan xalqının tarixinə qızıl həriflərlə yazılan “44 günlük vətən müharibəsi” (2-ci Qarabağ müharibəsi) başlandı. Xalq hərbi komisarlıqların qarşısında növbələr yaradır, hər kəs könüllü müharibəyə getməyə, cəbhəyə döyüşməyə can atırdı. Azərbaycanlılar irəliləyir düşmən isə qaçırdı. Bütün xalq hər gün Ali Baş Komandanın çıxışını və TWITER hesabında edəcəyi paylaşımı, gün ərzində geri qaytarılan kənd, qəsəbə və şəhərlərin adları haqqında verəcəyi məlumatları gözləyirdi. Hər alınan məlumat gəmilər tərəfindən tifon siqnalları, xalq tərəfindən sevinclə, bir – birini təbrik etməklə qarşılanırdı. Prezidentin Paşinyana dediyi “düşük adı qoydum”, “iti qovan kimi”, “bəs deyirdin verməyəcəyəm”, “dabanyalayan”, “bambılı”, “Cəbrayıldan İrəvana yol çəkirdin, noldu, Paşinyan!”, “Şuşada yallı gedirdin” kimi sarkazmlar Azərbaycanda xalq tərəfindən dillər əzbərinə çevrilirdi. Xalq tərəfindən Ali Baş Komandana və orduya güclü dəstək yaranmışdı. Cəbhəyə hər gün sıravi vətandaşlar tərəfindən 100-lərlə maşın yardım gedir, Azərbaycan Ordusuna Yardım Fonduna milyonlarla manat (müharibə dövründə fonda hüquqi şəxslər tərəfindən 47 milyon 670 min 193 manat məbləğində vəsaitin köçürülməsi qeydə alınmışdır) pul köçürülürdü.
44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə imzaladığı Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suveren hüquqları tanındı, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu.
Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədirdi. 27 sentyabr – 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb və nəticədə 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azad olunmuş torpaqlarda Ermənilər tərəfindən törədilmiş vandalizm aktları onların əsil simasını, iç üzünü aşkara çıxarır. Ümumi uzunluğu 25 min km olan avtomobil və torpaq yolları, ümumi uzunluğu 3984 metr olan 160 ədəd körpü, 14 500 km uzunluğunda elektrik xətləri, 2500 ədəd transformator, 2300 km su kəməri xətləri, 2 min km qaz kəməri, ümumi uzunluğu 240 km olan kanalizasiya xətləri, 160 ədəd su tutarları, 34 ədəddən çox qaz paylayıcı qurğuları, 35 min nömrəlik telefon stansiyaları, eyni zamanda 4 aeroport, Bakı-Ağdam və Horadiz-Ordubad dəmiryolu xətləri, Bakı-Stepanakert-Naxçıvan qaz kəməri və s. dağıdılmışdır.
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilmiş, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilmişdir. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır.
Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır.
Erməni işğalçılarının təcavüzü nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.
Müharibə bitdikdən sonrada 2022 ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan bu kimi əməlləri ilə həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür.
Bütün bunlara baxmayaraq, biz bunlarında öhdəsindən gələcəyik, o dilbər guşələrdə həyat canlanacaq və bütün Dünya ölkələri buna şahid olacaq. Bütün Azərbaycan arxa və ön cəbhədə bir yumruq kimi birləşib Ali Baş Komandanının rəhbərliyi ilə öz əzəli torpaqlarını mənfur düşməndən necə azad etdisə, tezliklə öz insanına həsrət qalan hər qarış torpağını da ayağa qaldıracaq!
Zabit Həsənov
Caspian Marine Services B. V.
Zirə gəmisində Kapitanın Baş köməkçisi

