Gündəm 

İşğalçı Ermənistan həyata keçirdiyi vandallıqlara görə cavab verməlidir

Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. İşğalçı Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın işğal altında saxladığı Azərbaycanın dilbər guşələrindən olan Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar rəşadətli Azərbaycan Ordusu tərəfindən erməni faşistlərindən təmizləndikdən sonra xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır. İşğaldan azad edilən ərazilərdə müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunmuşdur. Yuxarı və Aşağı Gövhər Ağa məscidləri (Şuşa), Saatlı məscidi (Şuşa) və Ağdamda Cümə məscidi dağıdılmış, Ağoğlan (Laçın rayonu), Xudavəng (Kəlbəcər rayonu), Gəncəsər məbədləri (Ağdərə rayonu) və sair erməniləşdirilərək qriqoryanlaşdırılmışdır.

Ermənilərin bu cür vandal əməllərinə Ermənistandakı tarixi Azərbaycan ərazilərində yerləşən dini abidələr də məruz qalmışdır. İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruz Əli məscidi, Sərdar məscidi, Buğakar ziyarətgahı, Ağadədə ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurmuş, Göy məscidin isə memarlıq xüsusiyyətlərini dəyişdirərək onun İran abidəsi olduğunu iddia etmişlər.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır.

44 günlük Vətən müharibəsi ərzində işğalçı Ermənistanın tarixi-dini abidələrimizə vurduğu ziyan davam etmişdir. 2020-ci il sentyabrın 27-dən başlayaraq Gəncə şəhərinə, Bərdə, Goranboy, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Beyləqan rayonlarına atılan raket və top mərmiləri nəticəsində bir sıra tarixi-dini abidələrə də xeyli zərər yetirilmişdir. Ermənistan silahlı qüvvələrinin müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlıqdakı Şeyx Babı türbəsinə ciddi ziyan dəymiş, həmçinin düşmən tərəfindən atılan mərmi Beyləqan rayonundakı Cərcis peyğəmbər ziyarətgahının yaxınlığına düşmüşdür.

Göründüyü kimi erməni vandalizmi sərhəd tanımır, bu proses xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib. Xalqımız Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibəti dünya irsinə qarşı yönələn təhdid kimi dəyərləndirir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub. Bundan başqa Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix Memarlıq Qoruğu erməni vandalları tərəfindən talan edilib.

İşğalçı Ermənistanın digər yaşayış məntəqələrimizdə də vandal hərəkətləri müəyyənləşdirilib. Arxeoloji eksponatların oğurlanması, İrəvana aparılması təsdiqlənib. Düşmən bununla kifayətlənməyərək, işğaldan azad edilən ərazilər boşaldılarkən, həmin yerlərdə maddi-mədəniyyət nümunələrimizi dağıtmaqla bərabər, torpaqları minalayıb, yaşayış məntəqələrindən çıxarkən meşələri və evləri yandırıb, hətta məktəblərə belə od vurmaqdan çəkinməyib. Bu vəhşiliklərlə Ermənistan özünün əsl simasını göstərir. Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər