Cəmiyyət 

Avrasiya məkanında söz sahibi

Siyasi, iqtisadi, diplomatik uğurları, müdafiə qüdrəti ilə dünya dövlətləri arasında ön sıralarda yer alan Azərbaycan qlobal layihələrin, humanitar çağırışların müəllifi kimi tərəfdaşlıq imkanlarını genişləndirir

Cari ilin iyul ayında Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə mətbuata bəyanatla çıxış edən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan «Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu»nu, ölkəmizin qitə dövlətlərinin enerji təchizatındakı əvəzedilməz rolunu «Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz» sözləri ilə diqqətə çatdıraraq bildirmişdi ki, bu sənəd qitə dövlətlərinin enerji tərəfdaşlığını daha da gücləndirir. Oxşar mövqeyini Bakı Enerji Həftəsindəki çıxışında açıqlayan, Cənub Qaz Dəhlizinin Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirən Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero Azərbaycanı qitə dövlətləri üçün bütün sahələrdə etibarlı tərəfdaş adlandırmışdı. Trans-Xəzər əlaqələrinə dair ideya və müzakirələrin böyük maraqla izlənildiyi Azərbaycanın müəllifliyi və təşəbbüskarlığı ilə reallaşan, əməkdaşlıq formatının genişlənməsinə önəmli töhfələr verən ölkəmizlə bağlı belə səmimi etiraflar göstərir ki, Avropa İttifaqı Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin yaradılmasında maraqlıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının hər iki tərəf üçün faydalı olacağını bildirən Prezident İlham Əliyev münasibətlərin gələcəkdə daha sağlam zəmin üzərində davam edəcəyini bildirmişdi.

Prezident İlham Əliyevin iştirakı ilə Yunanıstan -Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində qitə dövlətlərinin etibarlı qaz təminatçısı Azərbaycanın rolunun yüksək qiymətləndirilməsi ölkəmizin bütün sahələr üzrə strateji tərəfdaşlığa hər zaman hazır olduğunun təsdiqidir. Avropa ölkələri ilə strateji tərəfdaşlıq isə Cənubi Qafqazın lider lider kimi tanınan ölkəmizin xarici siyasətinin başlıca prioritetlərindəndir. Ölkəmizə verilən belə yüksək dəyər yeganə hal deyildir. Dövlət başçımız İlham Əliyevin İtaliyaya səfəri zamanı da dünyanın enerji və nəqliyyat xəritələrinin yenilənməsində Azərbaycanın təşəbbüsləri qarşılıqlı əməkdaşlığın gücləndirilməsində başlıca amil kimi diqqətə çatdırıldı. Azərbaycanın enerji strategiyasının mərhələlərlə həyata keçirildiyini bildirən dövlət başçımız İlham Əliyevin « Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük» sözləri ölkəmizin etibarlı tərəfdaş, sözünə sadiq olduğunun təsdiqidir. İtaliyaya qədər uzanan Cənub Qaz Dəhlizinin seqmentlərinin nəzərdə tutulduğu müddətdə istifadəyə verilməsi isə Azərbaycanın enerji diplomatiyasının təntənəsi, layihədə iştirak edən tərəfdaşların birgə səyinin məntiqi nəticəsi kimi dəyərləndirildi.

Son illərdə dünyada baş verən hadisələrdə önəmli fiqur olduğunu, siyasi, iqtisadi, humanitar platformaya çevrildiyini əməli işi ilə bildirən Azərbaycanın böyük nüfuz qazandığı Avrasiya məkanındakı önəmli rolu təkcə enerji layihələri ilə məhdudlaşmır. Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak edən Prezident İlham Əliyev ölkəmizin regionda möhkəmlənən mövqeyindən bəhs etməklə, onu da vurğuladı ki, Azərbaycan mövcud enerji resurslarından səmərəli istifadə etməklə kifayətlənmir. Ölkəmizin inkişaf konsepsiyasının əsas istiqamətlərindən olan nəqliyyat layihələrinin həllinə də xüsusi önəm verilir.

Tarixi İpək yolunun keçdiyi ərazidə yerləşən Azərbaycan bütün dövrlərdə Avropa ilə Asiyanı, hətta ən uzaq dövlətləri belə birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkan kimi tanınıb. Yeni geoiqtisadi çağırışların səsləndirildiyi müasir dövrümüzdə də Azərbaycanın əlverişli coğrafi mövqeyi, ölkəmizin müəllifliyi ilə həyata keçirilən irimiqyaslı layihələrə marağın artması respublikamızın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə imkanlarını genişləndirir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində «İpək yolu iqtisadi kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu» imzalanması ilə Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rola malik Azərbaycanın perspektiv üçün planlaşdırdığı layihələr reallaşıb, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə dövlətlərarası yükdaşımalar üzrə xəritələr yenilənib. Belə ki, respublikamızdan keçən TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın qoşulduğu Çinin «Bir kəmər, bir yol»” təşəbbüsü ilə uzlaşır.
Asiya ilə Avropanı birləşdirən ən qısa nəqliyyat marşrutu olan Bakı-Tbilisi-Qars dəmir yoluna marağın artması tranzit, nəqliyyat-logistika baxımından mükəmməl nəqliyyat infrastrukturuna malik ölkəmizə siyasi, maddi dividendlər qazandırır. Azərbaycanın artan və müasir tələblərə cavab verən yol-nəqliyyat infrastrukturunun Davos Ümumdünya İqtisadi Forumunun hesabatında da yüksək dəyərləndirilməsi o deməkdir ki, Azərbaycan Avrasiya geosiyasi məkanının tranzit və nəqliyyat-logistika mərkəzinə çevrilir.

Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşündə iştirak edən Prezident İlham Əliyevin ölkəmizin nəqliyyat infrastrukturu ilə bağlı açıqladığı statistik rəqəmlərə diqqət yetirək. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Eləcə də Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından biridir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayının artırılması ilə ölkəmizin yükdaşıma imkanları daha da artacaq. İkinci Qarabağ müharibəsində qazandığımız önəmli uğurlardan olan Zəngəzur dəhlizi açıldıqdan sonra ölkəmiz daha sərfəli nəqliyyat növü formatında iştirak edəcək. Tərəfdaş dövlətlərin daha ucuz qiymətlə, yaxın məsafədən yükdaşıma imkanlarını artacaq.

Göründüyü kimi, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub nəqliyyat dəhlizlərinin qovşağına çevrilib. Diqqət çəkən məsələ isə mühüm infrastruktur layihələrini rəqiblərindən öncə yaradan Azərbaycanın bu sahədə də üstünlüyünü təmin etməsidir. Yəni, yaxın gələcəkdə Azərbaycana böyük həcmli investisiyaların daxil olması şəksizdir.

Prezident İlham Əliyevin qətiyyəti, dünya siyasətinə artan təsir imkanları bir həqiqəti təsdiqləyir: Təkcə bölgədə deyil, müəllifi olduğu qlobal layihələri reallaşdırmaqla dünyada barışdırıcı faktor kimi dəstəklənən Prezident İlham Əliyev bütün xalqlarla əməkdaşlıqda maraqlı olan, tərəfdaşlığa sadiq, diplomatik qaydalara hörmətlə yanaşan qətiyyətli liderdir.

Daha çox xəbərlər