Sən əbədi olaraq bizimsən!
İki il əvvəl Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, daha 3 rayonun 18 kəndinin işğaldan azad edilməsi şanlı ordumuzun böyük şücaətinin nəticəsidir
2020-ci ildə oktyabrın 20-də bütün Azərbaycan xalqı çox xoş bir xəbərə sevindi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlının Ermənistan silahlı qüvvələrinin işğalından azad olunduğunu böyük sevinclə elan etdi. Təbii ki, hər birimiz çox sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmur.
Həmin gün Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun isə Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli və Çinarlı kəndləri erməni işğalçılarından təmizləndi. Azad olunmuş ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı.
Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 25-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.
Qeyd edək ki, Zəngilan rayonu Qarabağın cənubunda, İran ilə sərhəddə yerləşir. Ərazisi 707 kvadratkilometr olan rayonun əhalisi 45 min (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri və göz oxşayan meşələri var.
Ərazisində əsasən mülayim isti iqlim müşahidə edilir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay rayonun ərazisindən axan çaylardır. İlin bütün fəsillərində bol sulu olan çaylardan məişət və kənd təsərrüfatından başqa, müxtəlif sahələrdə də istifadə etmək mümkündür. Ərazisində tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər və s. kimi faydalı qazıntılar var.
Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. Zəngilanda əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Lakin 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Zəngilan bizimdir, Qarabağ Azərbaycandır!

