Böyük Qayıdış: Hədəflər uğurla reallaşdırılır
“Rebuild Karabakh” Sərgisi Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması naminə göstərilən bütün səylərin və təşəbbüslərin gerçəkləşməsinə böyük töhfələr verəcək
Azərbaycanın tarixi Zəfəri ilə başa çatan qırx dörd günlük Vətən müharibəsi dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi hazırda qarşıda duran ən mühüm vəzifələrdən biridir. Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura səfərləri zamanı həmişə bölgənin tamamilə bərpa olunacağını, həmin ərazilərdən məcburi köçkün düşmüş vətəndaşlarımızın ləyaqətli şəkildə öz yurd-yuvalarına qaytarılacağını bəyan edib. Cari ildə onlarla ailənin Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsi bunun bariz nümunəsdir.
Həyata keçirilən genişmiqyaslı tədbirlər sayəsində Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına sürətli reinteqrasiyası təmin ediləcək. Bütün bunlar Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb. Həmçinin iqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək.
Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlb edilməsi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaq.
Bundan başqa, Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaq. İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət-xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək. İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq. Həmçinin kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaq. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq.
Prezident İlham Əliyev 2022-ci il oktyabrın 19-da İkinci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı”- “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Azərbaycan bütün gücünü bu ali məqsədin uğurla reallaşdırılmasına yönəldibdir: “İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə bərpa olunur, Böyük Qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır”.

