Region Xəbərləri 

Zəngilandan keçən loqistik layihələr

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Və bu gün doğma Zəngilanda quruculuq, abadlıq işləri, yeni infrastruktur layihələr uğurla həyata keçirilir.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat –logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.
Məlumdur ki, işğal dövründə Ermənistan rəhbərliyi Zəngilandan keçmək məqsədi ilə ölkəsindən Cəbrayıla yol çəkmək istəyirdi. Ancaq onların bu istəyi baş tutmadı. Ali Baş Komandanın rəhbərliyi və Müzəffər ordumuzun qanı, canı hesabına tarixi ərazilərimiz özümüzə qayıtdı. İnfrastruktur layihələrin qurulması çərçivəsində Horadizdən Zəngilana 4 və 6 zolaqlı magistral avtomobil yolu çəkilir.
Bərpa çərçivəsində gerçəkləşdirilən layihələr sırasında Qarabağın hava qapısı olan hava limanlarının tikintisi həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca böyük önəm daşıyır. Azərbaycan dövləti mövcud imkanlardan səmərəli yararlanaraq, bu prosesi qısa müddətdə yekunlaşdırmağa çalışır. Prezident İlham Əliyevin dediyi kimi Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonunda səfərdə olarkən Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanış oldular. Burada görülən işlər barədə məlumat verilmişdi.
Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Aynurə Əyyubova – Bərdə Uşaq Gənclər və İnkişaf Mərkəzinin direktoru

Daha çox xəbərlər