Siyasət 

Dünyaya açılan sülh qapısı…

Çoxfunksiyalı Zəngilan Beynəlxalq Hava Limanı regionun sosial-iqtisadi, eləcə də təhlükəsizlik məsələlərinin həllində mühüm alət olacaq

Xəbər verildiyi kimi, oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Tədbirdə iştirak edən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan hava limanının rəmzi açılışını bildirən lenti kəsərək burada yaradılan şəraitlə tanış olublar.

Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək. Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya standartlarına cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur. Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib. Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib.

Bu hava limanında qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və “Eurocontrol”un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib. Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib. Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti bu aeroportun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü bu tipli hava limanı isə hazırda Laçın rayonu ərazisində inşa olunur.

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan sürətli şəkildə işğaldan azad  edilmiş ərazilərinin bərpası prosesinə başladı. Aparılan işlər arasında isə beynəlxalq hava limanlarının tikintisi ön planda duran məsələlərdəndir.

Gəlin xatırlayaq. İlk olaraq uçuş-enmə zolağının uzunluğu 3 kilometr, eni 60 metr və perronun sahəsi 60 min kv.m-ə qədər olan Füzuli Beynəlxalq Hava Limanı inşa olundu. 8 ay ərzində tikintisi başa çatan bu aeroportun açılış mərasimi ötən ilin oktyabr ayının 26-da baş tutdu. Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə 2021-ci ilin aprel ayında başlanılmışdı. Laçın Beynəlxalq Hava Limanının təməli isə 2021-ci il avqustun 16-da qoyulub. Hava limanının tikintisinin 2024-cü ildə başa çatdırılacağı planlaşdırılır. Bu aeroportun yerləşmə yeri isə unikallığı ilə fərqlənir. Belə ki, hava limanı Laçın şəhərinə 30 km, Kəlbəcər şəhərinə 60 km, Şuşaya isə 70 km məsafədə yerləşir. Laçın Beynəlxalq Hava Limanının da uçuş-enmə zolağı standartlara uyğun olaraq 3 kilometrdir. Yerli şirkət tərəfindən inşa olunan bu hava limanına da bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri enə biləcək.

Bəs bu beynəlxalq hava limanları Azərbaycana və ümumilikdə bölgəyə nə qazandıracaq?

Bu xüsusda hərbi əhəmiyyəti baxımından Laçında tikilən hava limanını xüsusi qeyd etmək lazımdır. 10 noyabr Bəyanatından sonra da daimi təxribatlarını davam etdirən Ermənistanla sərhəd olan Kəlbəcər və Laçına yaxın ərazidə beynəlxalq hava limanının inşası çox vacibdir. Əgər gələcəkdə Ermənistan tərəfinin hər hansı təxribatlara əlatma ehtimalı nəzərə alınarsa, bu bölgənin nəqliyyat strukturunun bərpası zəruridir.

Vətən müharibəsi həm də yeni texnologiyaların tətbiqinə görə tarixə düşdü. Bu baxımdan PUA-ları xüsusi qeyd etmək lazımdır. Artıq müasir müharibələr insan qüvvəsindən əlavə, dronlarla aparılır. Azərbaycanın Vətən müharibəsində effektiv istifadə etdiyi “Bayraktar TB-2” uçuş aparatlarının effektiv idarə məsafəsi 150 km-dir. Laçında və Zəngilanda beynəlxalq hava limanlarının olması PUA-ların effektiv uçuş məsafəsini daha da genişləndirir. Bu, həmin aeroportların hərbi əhəmiyyətinin bir hissəsidir.

Bu yeni beynəlxalq hava limanları, həmçinin yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, sözügedən hava limanları həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına sürətli şəkildə çıxarılması üçün də böyük önəm daşıyır. Bu da öz növbəsində bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq. Zəngilan Beynəlxalq Hava Limanının Zəngəzur dəhlizi ilə əlaqələndiriləcəyini nəzərə alsaq bu istiqamətdə yükdaşımalara əlverişli şərait yarandığını qeyd edə bilərik. İlk olaraq Azərbaycanın Naxçıvan istiqamətində yükdaşıma xərcləri azalacaq, vaxt itkisi isə aradan qalxacaq. Artıq 3-cü ölkə ərazisindən istifadə etməyə ehtiyac qalmayacaq. Naxçıvanla bərabər, Türkiyəyə də yükdaşımaları asanlaşmış olacaq.

Beləliklə, bölgənin relyefini və digər yuxarıda göstərilən amilləri nəzərə alsaq, Qarabağda və Şərqi Zəngəzurda hava nəqliyyatının mövcud olması çox perspektivlidir və yaxın gələcəkdə xalqımız və dövlətimiz bundan yararlanacaq.

Daha çox xəbərlər