Siyasət 

Nikol Paşinyan niyə real məqamlarda ikiüzlülük edir?

O, özbaşına deyil və sülh müqaviləsini imzalamağa məhkumdur

Ermənistan silahlı qüvvələri yenə də sərhəddə atəşkəsi pozur, eyni zamanda, ölkə rəsmiləri informasiya cəbhəsində böhtan kampaniyasını genişləndirirlər. Bu isə işğalçı ölkənin sülh gözləntisi ərəfəsində ortaya qoyduğu riyakarlıq xarakteridir. Son olaraq belə yalan tirajlamışdılar ki, guya Azərbaycan Ordusunun bölmələri ermənilərin mövqelərinə növbəti dəfə atəş açıb. Təbii ki, Azərbaycan Müdafiə Nazirliyi ermənilərin feyk məlumatlarını dərhal təkzib edərək bunu qarşı tərəfin növbəti dezinformasiyası adlandırdı.

Buradan anlaşılan odur ki, Ermənistan hələ də sülh məsələsində imitasiya edir. Sual yaranır: Brüsseldəki və Praqadakı danışıqlarda sülh müzakirələrində pozitiv açıqlamalar verən Ermənistanın baş naziri Nikol Paşinyan niyə real məqamlarda ikiüzlülük edir? Hətta sülh danışıqlarından sonra Azərbaycan sərhədlərində atəşkəsi pozur, eyni zamanda, informasiya təxribatçılarına geniş meydan verir. Bəzi siyasi şərhçilər hesab edirlər ki, sülh  prosesinə mane olanlar orduda möhkəmlənən antiPaşinyan qüvvələrdir. Onları revanşistlər də hesab etmək olar. Hətta bəzi hallarda onların öz ali baş komandanlarına itaətsizliyi də nəzərdən qaçmır. Digərləri isə hesab edirlər ki, Paşinyanın bir siyasətçi kimi qətiyyətsizliyi və mövqesizliyi onun sülh istiqamətində real addımlar atmasına mane olur.

Əslində, bu gün Ermənistanın daxilində iki fərqli qüvvənin savaşı gedir. Bunlardan biri Nikol Paşinyanı hakimiyyətə gətirən sorosçulardırsa, digəri onu hakimiyyətdən kənarlaşdırmaq istəyənxaricdəki  nüfuzlu erməni diasporudur. Ümumiyyətlə, Paşinyan  müstəqil qərar qəbul edən fiqur olmadığına görə yeganə çıxış yolu kimi vaxtı uzatmaqda görür. Amma bu, onun son cəhdləridir. Çünki, o, özbaşına deyil və sülh müqaviləsini imzalamağa məhkumdur. Əgər sülh prosesindən imtina etsə onu və hakimiyyətini daha ağır günlər gözləyir. Ona görə də Paşinyan  qətiyyətli addımlar atmaqla həm ölkəsini, həm də hakimiyyətini xilas edə bilər.

Bu fakt da sevindiricidir ki, Cənubi Qafqaz regionunda sülh prosesinin uğur qazanması hazırda beynəlxalq siyasi güc mərkəzlərinin də maraqlarına cavab verir. Hətta Ermənistan mətbuatı belə, Qərb siyasi dairələrinin regionda sülhə kökləndiyini vurğulayır. İrəvanda nəşr olaunan «Hraparak»ın iddiasına görə, Qərb ölkələri Ermənistandan bu ilin sonlarına qədər sülh sazişinin imzalanmasını birmənalı şəkildə tələb edirlər.  O da məlumdur ki, məğlub Paşinyanın Ermənistan cəmiyyəti ilə də ciddi problemləri var. Belə ki, Praqa görüşünün elan edilmiş nəticələri  İrəvanda ciddi narazılıq doğurub. Revanşistlər Paşinyan hakimiyyətini yekun sülh sazişində qondarma «artsax»ın gələcək taleyinin necə olacağını izah etməyə çağırır. Həm Nikol Paşinyan, həm də onun  yaxın ətrafına daxil olan siyasətçilər isə açıq şəkildə bildirirlər ki, yekun sülh sazişində qondarma «artsax»la bağlı hər hansı qeydin yer alması çətindir və hətta mümkün deyildir.

Daha çox xəbərlər