Cəmiyyət 

Yenidən qurulan cənnət…

Qarabağ və Şərqi Zəngəzur sürətlə daha gözəl simasına qovuşmaqdadır

Tarixi Zəfərimizdən keçən iki il ərzində erməni vandalları tərəfindən nəticəsində tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində misli görünməmiş irimiqyaslı layihələrin icrası davam etdirilir. Rayonları, kəndləri və şəhərləri birləşdirən yeni yollar çəkilir, quruculuq işlərinin aparıldığı ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, yaşayış binalarının, məktəblərin, xəstəxanaların və digər mühüm infrastruktur obyektlərinin təməlləri atılır. Qürurvericidir ki, ötən müddətdə işğaldan azad edilmiş əksər şəhərlərin baş planları, layihələri hazırlanaraq təsdiq edilib, həmçinin bir sıra kəndlərdə tikinti işlərinə başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinin timsalında bütün keçmiş məcburi köçkünlər tezliklə əbədi olaraq öz ata-baba yurdlarına qayıdacaqlarına əmindirlər. Məhz bu gün evlərinin “bacasından tüstü çıxan”, məktəbində zəng çalınan, uşaqların şən-şaqraq gülüşləri eşidilən “ağıllı” Ağalı ilə 30 ilə yaxın Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin doğma torpaqlarına Böyük Qayıdışının startı verilib. Hər kəs inanır ki, Qarabağda və Şərqi Zəngəzurda tezliklə həyat qaynayacaq, ermənilərin viran etdikləri o yerləri yenidən cənnətə çevirəcəyik. Bütün bu işlər dövlətimizin fəaliyyət istiqamətində prioritet təşkil edir və ən başlıcası bunun üçün Azərbaycanın iqtisadi gücü və əzmi kifayət qədərdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə görülən bərpa-quruculuq işlərini daim diqqətdə saxlayır, layihələrin vaxtında və yüksək keyfiyyətlə icra edilməsi üçün müvafiq göstərişlər verir. Təsadüfi deyil ki, dövlətimizin başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlər edir, hər səfər isə yeni təməllərin atılması, mühüm layihələrin icrasına başlanılması ilə yadda qalır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 19-da və 20-də Cəbrayıl, Qubadlı və Zəngilana növbəti səfərləri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı səfər çərçivəsində Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 16 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin istifadəyə verilməsi və Zəngilan rayonunda Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması, həmçinin bir sıra infrastruktur obyektlərinin və yaşayış binasının təməlatma mərasimlərində iştirak edib.

Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində xarici ölkələrin dövlət və özəl şirkətlərinin də iştirakının təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən lazımi şərait yaradılıb. Bunun nəticəsidir ki, Türkiyənin, İtaliyanın, Rusiyanın, İsrailin və digər ölkələrin şirkətləri artıq konkret sahələrdə fəaliyyət göstərirlər, bir sıra xarici şirkətlər tərəfindən müəyyən istiqamətləri əhatə edən layihələr isə baxılmaq üçün Azərbaycanın aidiyyəti qurumlarına təqdim edilib. Yeri gəlmişkən, Böyük Britaniyanın BP şirkəti Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) inşasını planlaşdırır və GES-in 2024-cü ildə istismara verilməsi gözlənilir. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun 20 oktyabr –  Energetiklər Günü münasibətilə rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilir ki, hazırda illik təxminən 500 milyon kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə GES-in inşası üzrə danışıqlar gedir: “Mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, 2023-cü ildə stansiyanın inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir”.

Almaniya şirkətləridə Azərbaycana Qarabağın və Çərqi Zəngəzurun bərpası ilə bağlı təkliflər təqdim edib. Almaniyanın ölkəmizdəki səfiri Ralf Horleman bununla bağlı öz rəsmi “Tvitter” səhifəsində yazıb: “Mən çox şadam ki, bu gün Azərbaycana öz təkliflərini, o cümlədən Qarabağın yenidən bərpası ilə bağlı təkliflərini təqdim edən 8 alman şirkətini qarşılaya bildim.”

Azərbaycan öz gücü, iradəsi, əzmi, iqtisadi potensialı, həmçinin bu muqəddəs işdə onun yanında olan dostları sayəsində Qarabağın və Şərqi Zəngəzurun simasını özünə qaytarır. Havası, suyu, təbiəti gözəl olan o yerlərimizin – şəhərlərimizin, kəndlərimizin də cənnətə çevriləcəyi günə çox qalmayıb…

Daha çox xəbərlər