Azərbaycan ədalətli sülhün tərəfdarıdır
Prezident İlham Əliyevin Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin Zirvə Toplantısında iştirakı və çıxışı Azərbaycan həqiqətlərinin çatdırılması baxımından çox əhəmiyyətlidir. Prezident 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycanın təkcə öz torpaqlarını Ermənistan işğalından azad etmədiyini bildirib, həmçinin, Asiya-Avropa iqtisadi-ticari əlaqələrinə mühüm imkanlar qazandırdığını da vurğulayıb. Cənab Prezidentin də qeyd etdiyi kimi 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. Azərbaycanın haqlı mövqeyini, əldə etdiklərini, bölgəyə töhfələrini faktlarla və təsirli diplomatik üslubla şərh edən Prezident erməni “faktlar”ının əsassızlığını, Ermənistanın ağ yalanlarını növbəti dəfə ifsa etdi, Ermənistanın anti-Azərbaycan təbliğatına daha bir ağır zərbə vurdu.
Azərbaycan Prezidenti azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlara – ermənilərin işgəncə ilə öldurdüyü azərbaycanlı əsir və girovların acı taleyinə, Ermənistanın Azərbaycan ərazisində bir milyondan çox mina basdırmasına diqqət çəkdi, ermənilərin havadarlarının bu həqiqətləri bilməsini vacib hesab etdi. Bildirildi ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Müharibə başa çatsa da, Azərbaycan hələ uzun onilliklər erməni vandalizminin ağır nəticələrini üzərində hiss edəcək. Beynəlxalq hüquq, beynəlxalq məhkəmələr bütün bunlara qiymət verməlidir. Prezident Azərbaycanın ədalətin, sülhün və məhz ədalətli sülhün tərəfdarı olduğunu bir daha bəyan etdi. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. İndi Azərbaycan Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin tam icrasını gözləyir.
Azərbaycan xalqı iki il bundan öncə Prezidentimizin rəhbərliyi ilə özü beynəlxalq hüququ və tarixi ədaləti bərpa etməyə nail oldu. Prezident İlham Əliyev Astana Zirvə Toplantısında etdiyi çıxışında bir daha tarixi Qələbəmizin əhəmiyyətini diqqət mərkəzinə çəkərək qeyd etdi ki, Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.
Erməni barbarları tərəfindən işğal dövründə şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir olunub və talan edilib. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı davamlı olaraq sistemli şəkildə müharibə cinayətləri törədib və bu cinayətlərə əslində bu gün də son qoyulmayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkar olunan kütləvi məzarlıqlar erməni vandalizminin, erməni vəhşiliklərinin misli görünməmiş miqyasından xəbər verir. Aşkar olunmuş iki kütləvi məzarlıqda işgəncələrə məruz qoyularaq sonradan qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının və hərbçilərinin basdırılması faktı artıq öz təsdiqini tapıb. Lakin Ermənistan hələ də Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməkdən yayınır. Bü barədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə təşkilatına üzv ölkələrin dövlət başçılarını məlumatlandıran cənab Prezident İlham Əliyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdiyini xüsusi olaraq vurğulayıb.
Azərbaycan hər zaman olduğu kimi, bu gün də ölkəmizə və xalqımıza qarşı yönələn bütün təxribatlara baxmayaraq ədalətli sülhün tərəfdarı kimi çıxış etməyə davam edir. Dövlət başçısı çıxış zamanı Fransa prezidentinin riyakarlıq, ikiüzlülük, yəni başqa sözlə, ermənilik etdiyini bildirib. Və qeyd edərək vurğulayıb ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, – Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Bəli, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yox idi.
Avropa İttifaqı Şurası Prezidentinin iştirakına gəlincə, bildiyiniz kimi, Brüsseldə artıq bir neçə üçtərəfli görüş keçirilib və prinsipcə, biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləmişik.
Məsələyə olduqca açıq və sərt münasibət bildirən dövlət başçımız çıxışında xatırlatdı ki, Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması işində Parisin hər hansı rol oynaması qətiyyən mümkün deyil. Yəni Azərbaycan böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, heç bir ölkə ilə üstüörtülü, müəmmalı danışıqlar aparmır. Həmişə mövqeyimiz aydın, addımlarımız isə qətiyyətlidir. Çünki Azərbaycanın dövlət başçısının sözü ilə əməli birdir, dediyini edəndir!
Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı


