Cəmiyyət 

Erməni faşizminin törətdiyi cinayətlər

Erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, deportasiya və soyqırımları, xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin törətdiyi bu vandal cinayətlər bütün dünya tərəfindən pislənilməli, soyqırımı olaraq qəbul edilməli və tarix elmində geniş şəkildə tədqiq edilməlidir.

Ermənilərin iç üzünü görmək üçün Qarabağın məhv edilən tarixi və talan edilən mədəniyyətini ortaya qoymaq kifayətdir.  Ölkə başçısı cənab İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı xüsusilə qeyd etdi ki, Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın,həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü təbii və mədəni sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınırdı. Ordumuzun qələbəsi sayəsində Azərbaycanın işğal edilmiş ərazilərində bu prosesə son qoyuldu. Hazırda işğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin düşmən ölkəyə daşınılması faktı aşkarlanıb. İşğalçının digər yaşayış məntəqələrimizdə də vandal hərəkətləri müəyyənləşdirilib. Arxeoloji eksponatların oğurlanması,İrəvana aparılması təsdiqlənib. Düşmən bununla kifayətlənməyərək,işğaldan azad edilən ərazilər boşaldılarkən, həmin yerlərdə maddi-mədəniyyət nümunələrimizi dağıtmaqla bərabər, torpaqları minalayır, işğalçı ordu hərbi hissələri dağıdır, yaşayış məntəqələrindən çıxarkən meşələri və evləri yandırır, hətta məktəblərə belə od vurmaqdan çəkinmir. Laçın və Zabux, Sus kəndlərində qanunsuz məskunlaşdırılmış ermənilərin vandallığını əks etdirən görüntülərin yayılması insanları bir daha hiddətləndirdi. Ermənilər öz ənənələrinə sadiq qalaraq Kəlbəcərdə etdikləri kimi, Laçında da bu ərazini tərk edərkən vəhşiliklər törətdilər, əraziləri dağıtdılar. “Mənim olmayacaqsa, azərbaycanlıların da olmamalı” düşüncəsi ilə hərəkət etdilər.

BBC-nin Kəlbəcərdən nümayiş etdirdiyi videomaterial və digər faktlar da sübut edir ki, ermənilər təkcə işğal olunmuş ərazilərdə milli-mədəni, dini abidələri, qəbirləri dağıtmayıb, həm də meşələri yandıraraq, su hövzələrinə zərər verməklə ekoloji fəlakət yaradırlar.

Şuşa şəhəri vaxtında Azərbaycan Ordusu tərəfindən azad edilməsəydi, ətrafdakı meşələr fosfor tərkibli silahlarla yandırılacaqdı. İşğal olunmuş ərazilərdəki 67 məscdin 63-ü ermənilər tərəfindən dağıdılıb.

Prezidentimiz cənab İlham Əliyev dayanmadan danışıqlar aparır, görüşlər keçirir ki, bu məsələ sülh yolu ilə həll olunsun. Cari ilin 13 oktyabrında Ali Baş Komandanımız İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında iştirak edib. Cənab Prezidentimiz çıxışında: “ Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb. Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür” dedi. Çıxışı ilə erməni vandalizmini bir daha dünyaya xatırlatdı.

Biz heç vaxt müharibə istəmirik, heç kimin gözünü yaşlı görmək istəmirik. Ancaq siz ermənilər zəifliyinizə və məğlubiyyətinizə baxmayaraq müharibədan də əl çəkmirsiniz,vəhşilikləriniz sadalamaqla da bitmir. Öz torpaqlarımızda, öz ərazilərimizdə yaşadığımız bu acılara dünya birliyi biganə qalmamalıdır.

Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsi dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi hazırda qarşıda duran ən mühüm vəzifələrdən biridir. Necəki siz öz vəhşiliklərinizdən geri qalmırsınız, eləcə də biz gözəlliklər yaratmaqdan qalmayacağıq.

Biz ruhdan düşmürük, əksinə daha da güclənirik! Çünki başda Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla güclü ve iradəli ordumuzla, sadiq və mərd azərbaycan xalqı ilə irəliləyirik!

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatının fəalı

Daha çox xəbərlər