Erməni vandalizmi ifşa edilir
Qarabağ Azərbaycan xalqının tarixi-mədəni irsinin zəngin olduğu ərazidir. Onun hər yerində Azərbaycan xalqının silinməz izləri var. Qarabağın tarixi-mədəni abidələrinə qarşı vandalizm tədbirləri həyata keçirən toplum isə ermənilərdir. Birinci Qarabağ müharibəsi nəticəsində ermənilərin Qarabağda və Şərqi Zəngəzurda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları, yaşayış məntəqələri ilə yanaşı memarlıq abidələrini məhv etmələri də bunu əyani şəkildə sübut edir.
1992-ci ilin mayında ermənilər Şuşa şəhərini işğal etdikdən sonra Şuşada olan İslam mədəniyyəti abidələrinin əksəriyyəti kimi bu məscid də viran edilmişdi.
Vətən müharibəsindən sonra Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanına əsasən Mədəniyyət Nazirliyinin nümayəndələri tarix və mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlərə başladılar. Dağıdılmış tarixi-mədəni abidələrin, mədəniyyət müəssisələrinin sayı, onların vəziyyəti isə erməni vandalizmini bir daha açıqlığı ilə ortaya qoydu.
Belə ki, təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Xocavənd rayonundakı Azıx mağarası, Ağdam rayonundakı Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar qanunsuz qazıntı işləri aparmış, eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhərağa məscidində “bərpa” adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olmuş, xalqımıza məxsus bu qədim tikilinin fars məscidi olmasını iddia etmişdir.
Ermənistan tərəfinin vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərir. Kəlbəcər rayonundakı Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalmış, Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülmüş, Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə də zərər dəymişdir.
Ermənistan Respublikası tərəfindən memarlıq və arxeoloji abidələrlə yanaşı, bağ-park, monumental və xatirə abidələri, o cümlədən Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən məqbərəsi, şairə Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi və s. dağıdılmışdır. Vandalizmin qurbanı olan belə nümunələr isə çoxdur…
Son günlər Laçın və Zabux, Sus kəndlərində qanunsuz məskunlaşdırılmış ermənilərin vandallığını əks etdirən görüntülərin yayılması insanları bir daha hiddətləndirdi. Ermənilər öz ənənələrinə sadiq qalaraq Kəlbəcərdə etdikləri kimi, Laçında da bu ərazini tərk edərkən vəhşiliklər törətdilər, əraziləri dağıtdılar. “Mənim olmayacaqsa, azərbaycanlıların da olmamalı” düşüncəsi ilə hərəkət etdilər.
BBC-nin Kəlbəcərdən nümayiş etdirdiyi videomaterial və digər faktlar da sübut edir ki, ermənilər təkcə işğal olunmuş ərazilərdə milli-mədəni, dini abidələri, qəbirləri dağıtmayıb, həm də meşələri yandıraraq, su hövzələrinə zərər verməklə ekoloji fəlakət yaradırlar.
Şuşa şəhəri vaxtında Azərbaycan Ordusu tərəfindən azad edilməsəydi, ətrafdakı meşələr fosfor tərkibli silahlarla yandırılacaqdı. İşğal olunmuş ərazilərdəki 67 məscdin 63-ü ermənilər tərəfindən dağıdılıb.
Ermənistan müharibə cinayətlərinə, təbiətə, dinc əhaliyə, mülki infrastruktura vurduğu ziyana görə mütləq cavab verməli olacaqdır!
Ülviyyə Ələsgərova,
Bakı şəhəri, 257 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

