Siyasət 

İranın riyakarlığı

Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İranın riyakar rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olması ilə bağlı ardıcıl bəyanatlar verir

Bu günlərdə İran İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin şimalında, Araz çayı yaxınlığındakı ərazilərdə təlimlərə başlayıb. Məlum olduğu kimi, İran Azərbaycan sərhədləri boyu irimiqyaslı hərbi təlimlərində qoşunlarının bütün növlərindən istifadə edir. Əvvəla onu deyək ki, İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlər anti-Azərbaycan xarakterlidir və molla rejiminin əzələ nümayişidir. İkincisi, bu təlimlər bir daha göstərdi ki, İran ordusu qeyri-peşəkar, müasir dövrün hərbi standartlarından çox geridə qalıb. Çünki uzun illər tətbiq olunmuş sanksiyalar səbəbindən İran ordusu texnoloji baxımdan 1970-ci illər səviyyəsindədir.

Təlimlər zamanı nümayiş etdirilən kadrlardan aydın oldu ki, İranın ağır texnikası köhnə tanklar və s. ibarətdir. Təlimlər zamanı hədəflərin düzgün müəyyənləşdirilməməsi, öz texnikasının hədəf götürülməsi və dağıdılması halları baş edir. Riyakarcasına inkar etməsinə baxmayaraq, molla rejimi dronlarını, eləcə də mütəxəssislərini Ukraynaya qarşı hərbi əməliyyatlarda iştiraka cəlb edib.

Belə ki, Ukrayna mətbuatının verdiyi məlumata görə, sentyabrın 23-də Ukraynada ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin zenit qurğuları kəşfiyyat, müşahidə və atəş hücumu üçün nəzərdə tutulmuş İran istehsalı olan “Mohajer-6” hücum pilotsuz aparatını vurub.

Bütün bunlar öz yerində. Qayıdaq yenə də riyakarlığı, ikiüzlülüyü ilə bütün dünyada yaxşı tanınan İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərə. Təbii ki, molla rejiminin bu təlimlərlə əzələ nümayişi bu gün heç kimi, o cümlədən də Azərbaycanı qəti narahat almalıdır”. İran bu mesajdan ciddi nəticə çıxartmalı və hansı qüvvə ilə üz-üzə gəlmək istədiyini anlamalıdır.

Bəli, İran anlamalıdır ki, Azərbaycanın atdığı addımlar, o cümlədən də Zəngəzur dəhlizinin reallaşdırılması heç kimə qarşı yönəlməyib, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi güdür. Məsələ ilə bağlı Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatda bildirib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır… Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”.

Bu gün tam qətiyyətlə demək olar ki, İran öz ənənəsinə sadiq qalaraq hələ də ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Təsadüfi deyil ki, oktyabrın 20-də qardaş Türkiyənin Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da İrəvana səfər etdi. Bununla da İran bütün dövrlərdə Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz əməli ilə bir daha təsdiq etdi. Təxminən 30 il müddətində Azərbaycanın torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla bütün istiqamətlərdə-siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkşaf etdirib, iki ölkə arasında birgə layihələr həyata keçirilib. İran rəhbərləri müntəzəm qaydada Ermənistanın Koçaryan və  Sarkisyan kimi əli Azərbaycan xalqının qanına batmış cəllad rəhbərlərinə qucaq açıb, İran-Ermənistan dostluğu və qardaşlığı haqqında birgə bəyanatlar veriblər.

Təxminən otuz illik işğal dövründə İran riyakarcasına həmin ərazilərdə Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub, İrəvanda, Şuşada məscidləri bərpa etməklə Ermənistanın “humanist” simasını qoruyub saxlamağa çalışıb. Həmin müddətdə İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak ediblər.

Ən acınacaqlısı isə odur ki, qırx dörd günlük Vətən müharibəsi dövründə İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinı və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib.

Bəli, Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İranın riyakar rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, hərbi təlimlər keçirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə edirlər. Bütün bunlardan sonra qətiyyətlə demək lazımdır ki, müsəlmanların qanını axıdan bir dövlətə dəstək verən İranın İslami dəyərlərin müdafiəsi haqqında danışmağa heç bir haqqı yoxdur.

Daha çox xəbərlər