Gündəm 

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır

Azərbaycan-Türkiyə əlaqələri Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.

Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir.

Ümumiyyətlə, Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionların geoiqtisadi mənzərəsini dəyişməyə qadir olan Azərbaycan və Türkiyə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı aktorlardır. Uzun illərdir iki qardaş ölkə Qərbin enerji təhlükəsizliyinin güclənməsinə dəstək verir. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edən Azərbaycan və Türkiyə hazırda tərəfdaşları ilə TANAP layihəsini uğurla reallaşdırır. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri TANAP layihəsinin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Bu gün sirr deyil ki, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə müsbət təsir göstərir.

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib, daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın  yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Yaşasın sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığı!

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər