Gündəm 

Əbədi və sarsılmaz qardaşlıq

Azərbaycan-Türkiyə qardaşlığı digər dövlətlərə nümənidir

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin əən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. 44 günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

İyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Fərəh və iftixar hisləri ilə vurğulanmalıdır ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb.

Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. Ermənistan tərəfindən viran qoyulmuş Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd və Zəngilan şəhərlərində yol, elektrik, qaz, su, rabitə, təhsil və səhiyyə sahələrində layihələr bir-bir reallaşır. Türk şirkətləri və işçiləri də “Zəfər Yolu” və Füzuli Hava Limanı kimi nəhəng layihələrdə birgə çalışıblar. İki ölkə arasında əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə yüksəldiyini, xüsusən siyasi, iqtisadi, nəqliyyat, ticarət, humanitar məsələlərdə möhkəm və uğurlu işbirliyi həyata keçirilir.

Zəngilan Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir. Zəngilan görüşü Azərbaycan-Türkiyə birliyinin, dostluğunun və sarsılmaz müttəfiqliyinin təkcə, bölgənin inkişafının deyil, eyni zamanda Cənubi Qafqazda  sülhün və təhlükəsizliyin yeganə qarantı olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.

Şəbnəm İsmayılova,
YAP fəalı

Daha çox xəbərlər