Siyasət 

Türkiyə-Azərbaycan qardaşlığı güc mərkəzidir

Şərqi Zəngəzurun «hava qapısı» olan Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi türk birliyinin qüdrətinin sarsılmazlıq nümunəsidir

Türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən təməli qoyulan türk dövlətlərinin birlik və həmrəylikləri yüksək səviyydə inkişaf edir, möhkəmlənir. Dünya siyasətinin aktual məsələlərinin müzakirəsində və həllində türk dövlətləri birliyinin rolunun artması, qlobal enerji və nəqliyyat layihələrində fəal iştirakı ulu öndər Heydər Əlievin bu sözlərini təsdiqləyir: « Avropalılar güman etməsinlər ki, dünyəvilik ancaq onlarındır və onlara məxsusdur, başqalarında ola bilməz. Mustafa Kamal Atatürkün gördüyü işlər şübhəsiz ki, burada da öz təsirini göstəribdir.» Hazırda türk dövlətlərinin təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatı,Türk Dövlətləri Təşkilatı beynəlxalq aləmdə nüfuzlu qurumlar kimi tanınır, sözləri eşidilir. Bu təşkilatlar mənəvi dəyərlərin qorunmasında, islamofobiyaya qarşı mübarizədə fəallıq göstərir.

Prezident İlham Əliyevin Özbəkistana səfəri, sonrakı aylarda Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirakı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin reallaşmasında ölkəmizin təşəbbüslərinin yüksək dəyərləndirilməsi bütünlükdə türk dünyasının birliyinin möhkəmlənməsinə yönələn qətiyyətdir. Zəngəzur dəhlizi açıldıqdan sonra isə region ölkələrinin nəqliyyat imkanları daha da artacaq və marşrut boyu yerləşən bütün ölkələrin iqtisadi inkişafının yeni mərhələsi başlanacaq. Dövlət başçımız İlham Əliyevin Qırğızıstanda keçirdiyi görüşlər zamanı türk birliyinin və həmrəyliyinin nümayiş etdirilməsi ölkəmizin təkcə türk aləmində deyil, dünya siyasətində aparıcı rolunun təsdiqidir. Bu cür görüşlər, intensivləşən səfərlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq oxşar tarixə, adət-ənənələrə, mənəvi dəyərlərə malik xalqlar arasındakı münasibətləri daha da möhkəmləndirir. Bütün görüşlərdə olduğu kimi, Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışında Ermənistanın etnik təmizləmə siyasətindən, erməni silahlılarının 30 il işğal altında saxladıqları şəhər və kəndlərimizdə törətdikləri vəhşiliklərdən, vandallıqlardan söz açan, ən çətin günlərdə yanımızda olan, 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfəri xalqımızın ədalət uğrunda mübarizəsinin təntənəsi adlandıran türk dövlətlərinin ölkəmizlə göstərdikləri həmrəyliyini yüksək dəyərləndirən Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı nəqliyyat layihələri nəticəsində ölkəmizin ən mühüm beynəlxalq logistika mərkəzinə çevrildiyini də bildirmişdi.
«Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir» söyləyən Prezident İlham Əliyev sədri olduğu Qoşulmama Hərəkatı çərçivəsində bu həmrəyliyin gücləndirilməsini türk dövlətlərinin möhkəmlənən mövqeyində rolu artan Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını xüsusilə qeyd etmişdir.

Bu günlərdə ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən görüşlərin hər biri bu dostluğun təcəssümü idi. Vətən müharibəsinin davam etdiyi günlərdə xalqımızla bir olduğunu, qardaşlıq köməyini siyasi, mənəvi dəstəyi ilə bildirən Türkiyə xalqı postmüharibə dövründə də əqidəsinə sadiq qalır. Hər iki xalq arasında daha da möhkəmlənən qardaşlığının ən yüksək səviyyədə strateji əhəmiyyət daşımasının nümunəsi olan Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi ilə əlaqələrin daha da genişləndirilməsi bütünlükdə türk dünyasının maraqlarına, güclənməsinə xidmət edir.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərində Türkiyə şirkətlərinin Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə istifadəyə verilməsində, infrastruktur və enerji layihələrinin həyata keçirilməsində də özünü göstərən həmrəylik ulu öndər Heydər Əliyevin « Biz bir millət, iki dövlətik» müdrik kəlamının hər zaman aktual olduğunu göstərir.

Çətin məqamlarda da , sevincli günlərdə də həmişə bir olan Türkiyə ilə Azərbaycan qardaşlığının yeni səhifələri yazılır. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyevin Zəngilan Beynəlxalq Hava Limanının, hər iki dövlətin maraqlarına uyğun inşa edilən digər obyektlərin istifadəyə verilməsində birgə iştirakları, Cəbrayılda keçirilən görüşdəki açıqlamaları, görülən işləri əməkdaşlığın təntənəsi adlandırmaları hələ də təxribatlar törədən Ermənistana və havadarlarına gözdağı idi.

Azərbaycanın Ermənistan üzərində Qələbəsindən sonra qısa müddətdə inşa edilən, Azərbaycanın və Türkiyə prezidentlərinin birgə iştirakları ilə Füzuli Beynəlxalq Hava Limanının açılması, eyni sevincli anların Artvin-Rizə Beynəlxalq Hava Limanının istifadəyə verilməsi mərasimində təkrarlanması hər ki qardaş ölkənin daim bir olduqlarının göstəricisidir. Zəngilan Beynəlxalq Hava Limanının açılması yenidən qurulan Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirən bərpa-quruculuq işlərinin təməlidir.

Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi qardaş ölkənin rəsmi nümayəndə heyətinin Azərbaycana səfərinin Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümünə təsadüf etməsi Vətən müharibəsinin davam etdiyi 44 gündə daim Azərbaycanın yanında olan, mənəvi, siyasi dəstəyini əsirgəməyən Türkiyə xalqı üçün də əlamətdar hadisə kimi qeyd edilməsinin təzahürü idi. Hər iki dövlət başçısının işğaldan azad edilən Cəbrayılda birgə bəyanatla çıxış etmələri, görülən işləri yüksək dəyərləndirmələri Türkiyə-Azərbaycan birliyinin zəfər salnaməsinə yazılan tarixi hadisə kimi yaddaşlarda qaldı.

«Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük» sözləri ilə «Dost Aqropark» kimi digər obyektlərin istifadəyə verilməsində türkiyəli mütəxəssislərin əməyini qiymətləndirən Prezident İlham Əliyev çəkilən yolları, inşa olunan tunelləri, körpüləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə yönələn vacib infrastruktur adlandırdı. Vurlandı ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə daha da intensivləşən əlaqələr türk dünyasının birliyini daha da gücləndirir.

Şuşa Bəyannaməsinin imzalanması isə Türkiyə ilə Azərbaycanın bölgədə və dünyada sabitliyin qorunmasına töhfə olmaqla, illərdən bəri gözlədiyimiz, həsrətində olduğumuz anların reallaşması idi. Avropa dövlətlərinin üzləşdikləri ciddi problemlərin həlli yollarının axtarıldığı bir zamanda bu birliyin dünya siyasətində iqtisadi, hərbi, diplomatik amil kimi dəstəklənməsi , nəhəng enerji-nəqliyyat layihələrinin gerçəkləşməsindəki rolunun dəyərləndirilməsi o deməkdir ki, hər iki qardaş ölkə dünyada önəmli güc mərkəzidir və hər kəs bununla hesablaşmalıdır. İkinci Qarabağ savaşından sonra bu qardaşlığın əbədiliyinin təsdiqi respublikamızın hər yerində Azərbaycanla və Türkiyənin dövlət bayraqlarının qoşa dalğalanmasıdır. Hər iki qardaş ölkənin təşəbbüsləri və iştirakları ilə enerji, nəqliyyat layihələrinin reallaşması, səmərəli işbirliyinin bütün sahələr üzrə özünü doğrultması bölgə dövlətlərinin maraqlarına uyğun olmaqla ölkələrimizin dünya siyasətinə təsir imkanlarını getdikcə artırır.

İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci hava limanının açılışında iştirak etməkdən məmnunluq hiss keçirdiyini, qısa müddətdə görülən işləri qətiyyət nümunəsi, hər kəsin öhdəsindən gələ bilməyəcəyi siyasi iradənin məntiqi nəticəsi adlandıran Prezident Rəcəb Tayyib Ərdoğan Cəbrayılın erməni vandalları tərəfindən dağıdılan digər şəhər və kəndlərimizin acınacaqlı vəziyyətinə münasibətini qardaş yanğısından qaynaqlanan bu sözləri ilə bildirdi: «İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər.»

Səfər çərçivəsində keçirilən tədbirlər iki dövlətin birgə maraqlarının ifadəsi di. İşğaldan azad edilmiş ərazilərdə salınan körpülər, çəkilən dəmir və avtomobil yolları sıfırdan başlanan, qəhrəmanlaq dastanı kimi dəyərləndirilən bərpa –quruculuq işləri də bu dostluğun xeyir-duası ilə davam etdirilir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, «Ağıllı kənd» ” konsepsiyasına uyğun inşa edilən Ağalı kəndinin ürəkaçan mənzərəsi , həmin ərazidə inşa edilən «Dost Aqropark”» kimi digər sosial, aqrar obyektlərin açılışı Böyük Qayıdışa aparan yolun uğurla tamamlanacağına tam əminlik yaradır. Qısa müddətdə bərpa olunan ərazilərdə su, aqrar sahədə olan problemlərin də qardaşlıq köməyi ilə aradan qaldırılacağı şəksizdir. Qarabağın inkişaf planı çərçivəsində həyata keçirilən «yaşıl enerji»” və «ağıllı şəhər» kimi layihələr də bu birlik nəticəsində həllini tapacaq. Cəbrayılda təməli qoyulan «Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”», «Ağıllı Tingçilik” və «Dostluq» Meşəsi” Kompleksi də həmrəyliyimizin rəmzidir.

Türkiyəli qardaşların Azərbaycana növbəti səfərləri çərçivəsində keçirilən görüşlər, inamla səsləndirilən sözlər bu qardaşlığın gücünün sarsılmazlığını, Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı narahatlığa heç bir əsasın olmadığını təsdiqlədi. Bütün dünya ictimaiyyəti bir həqiqəti görür və dəstəkləyir: Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgəyə sülh, əmin-amanlıq və sabitlik vəd etməklə, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələrin ticarət və sərmayə imkanlarını gücləndirəcək.

Daha çox xəbərlər