Qubadlı Zəfərinin ikinci ili…
Əlamətdar tarixi qeyd edərkən qürurla vurğulamalıyıq ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində hazırda digər işğaldan azad edilmiş ərazilərimiz kimi, bu rayonda da böyük tikinti-quruculuq işləri aparılır
Azərbaycanın dilbər guşələrindən olan Qubadlının 27 illik əsarət zəncirinin qırıldığı, illərin nisgilindən, kədərindən təngə gələn sinəsinin murdar ayaqlardan, yad əllərdən təmizlənməsindən iki il ötür. 30 illik həsrətdən sonra rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 25 oktyabrında Qubadlı şəhərini və rayonun daha bir neçə kəndini işğaldan azad etdi və üçrəngli bayrağımız həmin ərazilərdə qürurla dalğalandırdı.
Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm surətdə hərbçilərimizə atəş açırdı. Ermənistan ordusu şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ətraf yüksəkliklərdə erməni ordusunun hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu, Əfəndilər, Yusifbəyli, Çaytumas, Mollabürhan kəndləri azad edildi və strateji yüksəkliklər ələ keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən ordumuzun əsgər və zabitləri oktyabrın 25-də Qubadlını işğaldan azad etdilər. Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və rayonun 41 кəndi işğalçılardan təmizləndi.
Qubadlı şəhərinin azad olunması ilə bağlı müjdəli xəbəri də Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev verdi. Həmin gün 27 illik işğaldan sonra Azərbaycan əsgəri Qubadlı şəhərində müqəddəs üçrəngli bayrağmızı dalğalandırdı və Ali Baş Komandan İlham Əliyevə bu barədə məruzə etdi. Prezidentdən xoş xəbəri eşidən və Qubadlıda qəhrəman əsgərlərimizin rəsmi məruzəsi ilə bağlı kadrları izləyən hər bir Azərbaycan sakini böyük sevinc və qürur hissi keçirdi.
Qırx dörd günlük müharibə başa çatdıqdan sonra cənab Prezident bir sıra mühüm dövlət təltifləri barədə Sərəncam imzaladı. Prezidentin təşəbbüsü ilə noyabrın 26-da təsis olunmuş yeni dövlət təltiflərindən biri də “Qubadlının azad olunmasına görə” medalıdır. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.
Bu gün Qubadlının azadlığının ikinci ildönümünü qeyd edərkən, böyük qürur hissi ilə vurğulamalıyıq ki, Zəfər tariximizin memarı, Qarabağımızın xilaskarı Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində hazırda digər işğaldan azad edilmiş rayonlarımız kimi, Qubadlı rayonunda da böyük tikinti-quruculuq işləri aparılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə əlamətdar olur.
Tarix Zəfərdən sonra 2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Qubadlıya səfər ediblər. Dövlət başçısının Qubadlıya ilk səfəri burada Azərbaycan Bayrağını ucaltması qalibiyyətimizin təqdimatı idi. Növbəti səfər Qubadlının azad olunmasının bir ili münasibətilə 2021-ci ilin 25 oktyabr tarixində baş tutdu. Həmin səfər zamanı ölkə Prezidenti rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə hazırda Qubadlıda görülən işlər və gələcək planlarla bağlı fikirlərini açıqladı. İşğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Qubadlının yenidən qurulacağı, tezliklə soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdacaqları bildirildi. Bu il oktyabrın 19-da dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonuna sayca 3-cü səfəri də bir sıra mühüm infrastrukturun obyektlərinin təməlqoyma mərasimləri ilə yadda qaldı. Dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Qubadlı şəhərinin Baş planı təqdim edildi.
Baş planda göstərildiyi kimi, rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.
Bəli, bu gün işğaldan azad edilən bütün ərazilər, o cümlədən Qubadlı öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir. Müzəffər Ali Baş Komandanın, yenilməz ordumuzun, vətənpərvər oğulların sayəsində bu gün qürurla deyirik ki, Qubadlımız, sən bizimsən, səni günü-gündən daha da gözəlləşdirəcəyik. Daha qubadlıların başlarının üstündən güllələr uçuşmayacaq, göz işlədikcə uzanıb gedən çöllərində güllər pərvazlanacaq, dağı-yamacı mərmilərlə deyil, lalələrlə, nərgizlərlə bəzənəcək. Qubadlıların zəhmət təri ilə boy atacaq fidan ağaclar, bərəkət ətrinə bürünəcək tarlalar, bərpa olunacaq tarixi abidələr, türbələr, əzəmətli, məğrur duruşunla qonaqları salamlayacaq!

