Uşağınızın ruh yaşı neçədir?
Bəzən valideynlər uşaqlarının özlərini olduqları yaşdan daha çox və ya az yaşlı kimi aparmalarını müşahidə edirlər. Çox vaxt da elə hallar olur ki, evin yaşca böyük uşağı özünü balaca uşaq kimi aparır, şıltaqlıq edir, emosiyalarını qabarıq şəkildə büruzə verir, içini çəkə-çəkə ağlayır ya da durmadan yüksək səslə gülərək tullanır. Və ya 7 yaşlı bir uşağın yetkin insan kimi davranması, məntiqli, özünə hakim fikirləri diqqətə çarpır. Psixoloqların qənaətinə görə, bu, nə əqli gerilik, nə ləngimə, nə də disleksiya dediyimiz irəli zəkalılıqdır. Bu sadəcə uşağın ruh yaşının olduğundan daha çoxa və ya daha aza sahib olmasıdır.
Bəs bunun səbəbi nədir? Psixoloqların fikrincə ata obrazı güclü olan uşaqların ruh yaşı öz yaşından yuxarı, ata obrazı zəif olanda isə ruh yaşı aşağı olur. Statistika göstərir ki, bu problem hərbçi, dənizçi peşələrində, polis orqanlarında çalışan və natamam ailələrdə daha çox müşahidə olunur. Ataların zamanını doğru bölə bilməməsi, övladları ilə zamanı az keçirməsi, onlarla zamanı gəldiyində xüsusən oğulları ilə şəxsi söhbətlər aparmaması onlarda ata obrazının zəifləməsinə gətirib çıxarır. Bu da uşaqlarda ruh yaşı dediyimiz EQ- emosional yaşının IQ- intelekt yaşından daha zəif inkişaf etməsinə gətirib çıxarır. Normativlərə əsasən uşağın EQ və IQ yaşları bir- birinə paralel inkişaf etməlidir. Bunlardan birinin yuxarı və aşağı olması onları tarazlıqdan çıxarır. Uşaq gah ruh gah da pasport yaşındakı kimi davranış sərgiləyir. Bu davranışlar ətrafdan, sinif müəllimi, yaşıdları, qohumları tərəfindən diqqət çəkir. Xüsusən yaşıdları ilə ünsiyyətdə çətinlik çəkir, şikayətlənir. Bu da zaman keçdikcə uşaqlarda fəsadlar özünü göstərir. EQ yaşı aşağı olan uşaqlarda qaydaları qəbul etməmə, çox hərəkətli və ya çox passiv olma, fobik əlamətlərə meyillilik daha çox müşahidə olunur.
Atasına hədsiz bağlı olan uşaqlarda isə ata obrazı güclü olur. Bu da onların ruh yaşlarının yüksək olmasına gətirib çıxarır. Cəmiyyətimizdə bu uşaqlara rəğbət daha böyükdür. Amma əslində uşağın özünü yaşından yuxarı aparması onda həssaslığı gücləndirir ki, bu da gələcəkdə həmin uşaqda emosional pozuntulara gətirib çıxarır. Uşaq yaşından daha tez böyüyür, problemlərə qarşı daha həssas olur, bu da onlarda təhsilə qarşı marağı azaldaraq, özündən böyüklərlə ünsiyyətə qarşı meyli artırır.
Uşağın tərbiyəsini əsasən analar öz öhdələrinə alsalar da, davranışlarını tənzimləyən ruh yaşı yalnız atalarından asılıdır. İş həmişə var, heç vaxt bitməyəcək. İllər isə ötür, hədəflər artır, işlər formasını dəyişir və sizin övladınız böyüyür. Psixoloqlar məsləhət görürlər ki, valideynlər, xüsusən də atalar zamanlarını doğru bölməli və özləri,ailələri üçün çalışdıqlarını unutmamalıdırlar. Analar isə həyat yoldaşının evə gəlişini, ailə ilə zaman keçirmə saatlarını tənzimləməkdə onlara yardımçı olmalıdırlar. İstər ana, istərsə də ata unutmamalıdır ki, övladlarına münasibəti onların şəxsi münasibətlərinə görə tənzimlənir. Analar övladlarının tərbiyəsi ilə bağlı yükünü həyat yoldaşı ilə paylaşmalıdır. Əks halda atalarda olan arxayınlıq duyğusu zamanla diqqətin azalmasına gətirib çıxarır.

