Gündəm 

Qubadlının Azərbaycanın gələcəyində böyük rolu olacaq

Azərbaycanın gözəl guşələrindən olan, Bərgüşad və Həkəri çayları arasında yerləşən, coğrafi mövqeyi dağlıq ərazidən ibarət olan Qubadlı rayonu 1993cü ildə erməni vandallarının işğalına məruz qalmışdır. Rayonun 94 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 30 minə yaxın əhalisi yurd-yuvasından didərgin düşmüşdür. İşğaldan qabaqkı illərdə qəsəbə və kəndlərdə onlarla yeni ictimai və yaşayış binaları tikilmiş, bağlar, xiyabanlar, meydanlar, körpülər salınmış, yollar çəkilmişdir. İşğal nəticəsində çox sayda fərdi yaşayış evi, inzibati bina, sosial obyekt, mədəniyyət obyekt, məscid, körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.

Qubadlının işğaldan azad edilməsi Azərbaycanın iqtisadiyyatına da müsbət təsir göstərəcək. Sovet dönəmində Qubadlı iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Qubadlı rayonu digər iqtisadi rayonlarla müqayisədə mineral resurslar, faydalı qazıntılarla birgə turizm potensialını da özündə cəmləşdirir. Rayonda mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı və şirin yeraltı su ehtiyatları mövcuddur. Qubadlı ərazisində ehtiyatları 6247 min kubmetr mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tufu, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan əqiq yatağı abidəsi nadir yataqlardan hesab olunur.

Bu baxımdan gələcək illərdə Qubadlının iqtisadi potensialından istifadə etməklə uğurlu nəticələr əldə etmək olar. Bu isə ölkəmizin gələcəyi üçün iqtisadi potensialımızı artırmağa öz töhfəsini verəcək.

Şəbnəm  İsmayılova,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər