Gündəm 

Siyasətdə “səkkizlik” vuran İran rejimi

Artıq iki ildir ki, İran rəsmilərinin Azərbaycana qarşı təhdidlərinin ardı-arası kəsilmir.  Göndərdikləri təxribatçı mesajlar göstərir ki, üzdə özünü guya Azərbaycana “dost” kimi qələmə verməyə çalışan İran hökuməti İkinci Qarabağ müharibəsində qazandığımız böyük Qələbəni və regionda yaratdığımız yeni reallıqları həzm edə bilmir.  Artıq bunu gizlədə bilmirlər, lakin hər dəfə həqiqətə uyuşmayan bir yalançı izahat verirlər.

İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi bu günlərdə bildirib ki, onun ölkəsi hərbi təlimlər barədə Azərbaycan tərəfinə əvvəlcədən məlumat verib: “Biz qardaş Azərbaycana bu hərbi təlimlər barədə məlumat vermişik”.  Səfir başımıza “sığal” çəkərək təlimlərin guya sülh naminə keçirildiyini də söyləyib.

Lakin tezliklə İran diplomatlarının, parlament üzvlərinin və ordu komandanlarının şərhlərindəki Azərbaycana hədə-qorxu elementləri səfir Musəvinin açıqlamasındakı “qardaşlıq və sülh notu”nu üstələmiş oldu. İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü Həsən Həmmati İRNA-ya açıqlamasında deyib ki, İran harada lazım bilirsə, orada da hərbi təlim keçirəcək.

Siyasətdə “səkkizlik” vuran İran ümumiyyətlə, Cənubi Qafqaz regionunda sülhün təmin olunmasına xoş münasibət göstərmir. Hazırda sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların çətin getdiyi bir məqamda İran vəziyyəti gərginləşdirmək üçün bütün variantlardan istifadə edərək açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirir. Kim bilir, bəlkə də üç-beş gündən bir qucaqlaşan mollalar və daşnaklar bu pozuculuq hərəkətlərini birlikdə planlaşdırıblar? Ancaq özləri bilər, nə qədər istəyirlər xosunlaşsınar, sonda həqiqətə və reallığa söykənməyən bütün planları iflasa uğrayacaq.

Maraqlıdır, gğrəsən, aqressiv siyasəti ilə özünü sivil dünyadan təcrid etmiş İran Azərbaycanı hədəf seçməkdə son məqsədi nədir?  Hadisələrdən belə nəticəyə gəlmək olur ki, molla rejimi Makronsayağı siyasətə qurşanıb. Yəni, qarşı tərəfə hədə-qorxu gəlməklə qorxudub nəyəsə nail olmaq.  Açıq görünür ki, rəsmi Tehran əməkdaşlıq əvəzinə Azərbaycan və Ermənistan arasında gərginliyi artırmaqla mənfəət qazanmağa çalışır, “dəliyəm, zorluyam” deyib “xox” gəlmək istəyir. Ancaq keçməz, biz belə “xox”ları çox görmüşük. İranın son günlərdəki hərəkətləri xainin xofluluğuna çox oxşayır.

Cənubi Qafqazda gedən hazırkı proseslərdə ABŞ, Rusiya və Türkiyə iştirak edir, Fransa təzyiq göstərməklə bu araya soxulmaq üçün özünə yer almaq istəyir.  İran isə tamamilə oyundankənar vəziyyətdədir. O da digərləri kimi proseslərin iştirakçısına çevrilmək istəyir. Daha doğrusu, Fransa, Rusiya və ABŞ kimi İran da mənfəət əldə etməyi arzulayır. Ancaq arzulamaq hara, hədə-qorxu gəlmək hara? İranın köntöy şəkildə özünü ortaya atması nə Azərbaycan, nə də adları çəkilən digər dövlətlər tərəfindən qəbul edilməz.  Yaxşı olar ki, Azərbaycan və Ermənistan problemi ikilikdə özləri həll etsinlər. Belə olsa, başqa ölkələrin vəziyyətdən istifadə edərək nəsə qamarlamasının qarşısı alınar.

Çox güman ki, nə qədər atılıb-düşsə də İran heç vaxt özünü təhlükəyə atıb Azərbaycanla hərbi münaqişəyə girməz. Buna bir əsas da yoxdur.  İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması isə tamamilə yersiz və ağlasığmazdır. Çünki bu məsələ İranın deyil, Azərbaycanın və Ermənistanın daxili işləridir.

Qısaca desək, biz öz ölkəmizin daxili işlərini nizamlamaq istəyirik. İran isə təhdidlər səsləndirməklə heç kimi qorxuda bilməz. Çünki həm hərbi gücümüz var, həm də biz haqqın yolundayıq, ədalət bizim tərəfimizdədir. Bu yoldan bizi kimsə döndərə bilməz. Yaxşı olar ki, İranın başbilən  mollaları ölkələrində ayağa qalxmış narazı kütlələrin tələbləri ilə maraqlansınlar və həll etsinlər, qonşuların daxili işlərinə qarışmasınlar. Həm də öz yerlərini bilsinlər, başa düşsünlər ki, onları heç kim  beynəlxalq arbitr  seçməyib.

Daha çox xəbərlər