Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri ilə əlaqədar
Azərbaycan-Gürcüstan münasibətləri ortaq strateji maraqlara söykənir və hər iki xalqı bir-birinə dostluq və strateji əməkdaşlıq əlaqələri bağlayır. İldən-ilə möhkəmlənən bu əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. Cənubi Qafqaz regionunun indiki və gələcək inkişafı baxımından çox böyük əhəmiyyət kəsb edən bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün tərəflərdə böyük siyasi iradə və istək var. Bu, bir faktdır ki, Azərbaycanın Cənubi Qafqazda ən möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Yaxın qonşuluq, dostluq münasibətləri qurulmuş ölkələr arasında əlaqələr hazırda strateji əməkdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Tarix boyu Cənubi Qafqaz regionunda cərəyan edən mürəkkəb proseslərə baxmayaraq, hər iki dövlət səmimi və qardaş münasibətlərini qoruyub saxlaya bilmişdir.
Bu iki qonşu ölkə ilk dəfə 1918-ci ildə birinci müstəqil dövlətlərini yaratdıqdan bəri hər zaman xüsusilə strateji əməkdaşlıq ruhuna sadiq olmuşdur.
Müstəqilliyin ilk illərində istər Azərbaycan, istərsə də Gürcüstan hər iki ölkədə sosial və iqtisadi göstəricilərin tənəzzülə uğraması ilə nəticələnən vətəndaş qarşıdurması və separatçıların törətdiyi münaqişələrə məruz qalmışlar. Ancaq belə mürəkkəb vəziyyətdə də Azərbaycan və Gürcüstan müəyyən siyasi dairələrin müdaxilə cəhdlərinə baxmayaraq, real tərəfdaşlıq münasibətlərinin inkişafına yönəlmiş addımlar atmaqdan çəkinmədi və həmin inkişaf tendensiyası bu gün də davam etdirilir.
Gürcüstan ilə Azərbaycan təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurla əməkdaşlıq edirlər. Artıq heç kəs şübhə etmir ki, Cənubi Qafqazın gələcəyi region ölkələri arasında daha genişmiqyaslı əməkdaşlıqdan asılıdır. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı – faydalı əməkdaşlıq münasibətləri mövcuddur və əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Ümumilikdə, Gürcüstanla Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdir. Qeyd etmək yerinə düşər ki, ikitərəfli münasibətlərin inkişafında və regional əməkdaşlığın genişləndirilməsində həmişə ən əsas amil Azərbaycanın enerji potensialı olmuşdur. XIX əsrdən bəri Azərbaycan neftinin ixrac marşrutu ənənəvi olaraq Gürcüstanın Qara dəniz limanlarından keçmişdir və həmin ixrac marşrutunun yenidən bərpası hər iki ölkə üçün mühüm məsələyə çevrilmişdir.
Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi göstərir. Hər iki dövlət arasında siyasi, iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında mövcud olan mehriban qonşuluq əlaqələri mühüm baza rolunu oynayır. Son illərdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri də bir daha göstərir ki, ölkəmiz dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə inkişafı üçün köklü və dayanıqlı addımlar atır.
Könül Əliyeva – Bərdə rayon Tarix-diyarsunasliq muzeyinin bələdçisi

