Cəmiyyət 

Qarabağ regionun parlaq ulduzuna çevriləcək

Qırx dörd günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri gündən-günə sürətlənir. Ölkə başçısının rəhbərliyi ilə bu gün bölgədə genişmiqyaslı layihələr həyata keçirilir, şəhər və kəndlər, qəsəbələr yenidən qurulur, müasir standartlara uyğun avtomobil və dəmir yolları çəkilir, körpülər, tunellər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələrinin reallaşdırılması üçün ciddi addımlar atılır. Əzəli torpaqlarımızda təxminən 30 illik işğal dövründə erməni vandalları tərəfindən dağıdılan tarixi-mədəni abidələrimizin, milli memarlıq nümunəsi olan tikililərin təmir-bərpa işləri yüksək səviyyədə həyata keçirilir.

Prezident İlham Əliyevin “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2021-ci il 19 yanvar tarixli Fərmanı işğaldan azad edilmiş ərazilərimizin dövrün tələbləri səviyyəsində bərpası və yenidənqurulması prosesinin ölkəmiz üçün prioritet məsələlərdən olduğunu bir daha təsdiqləyir. Ölkə başçısının müvafiq Sərəncamı ilə 2021-ci il fevralın 2-də təsdiq olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, reinteqrasiyası və inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri elan edilib.

Həmçinin dövlətimizin başçısının 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə Qarabağın “dağlıq” və “aşağı” hissələrə bölünməsi kimi haqsızlığa son qoyub. Tərkibinə Xankəndi şəhərinin, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ iqtisadi rayonunun yaradılması, eləcə də Cəbrayıl, Kəlbəcər, Laçın və Zəngilan rayonlarını birləşdirən tarixi Şərqi Zəngəzur iqtisadi rayonunun formalaşdırılması Azərbaycanın birliyinin və bölünməzliyinin bir daha təsdiqi olub.

Həyata keçirilən genişmiqyaslı tədbirlər sayəsində Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına sürətli reinteqrasiyası təmin ediləcək. Bütün bunlar Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.  Həmçinin iqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Düşmən əsarətindən qurtulmuş ərazilərdə reallaşdırılan irimiqyaslı layihələr həmin ərazilər hesabına Azərbaycanın qeyri-neft sektorunun inkişafına və ölkəyə valyuta axınına ciddi təkan verəcək.

2021-ci il oktyabrın 26-da Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Cari il oktyabrın 20-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və qardas Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə daha bir Beynəlxalq Aeropotun-Zəngilan Hava Limanının açılış mərasimi keçirildi. Zəngilan Beynəlxalq Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə də çıxarıla biləcək. Ekspertlərin də söylədikləri kimi, Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək ki, bu da Zəngilan daxil olmaqla, həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək.

Bundan başqa, Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaqdır. İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət-xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək. İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq. Həmçinin kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaqdır. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpaolunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq.

Bəli, Azərbaycan dövləti Qarabağda və Şərqi Zəngəzurda həyatı yenidən canlandırmaq üçün var gücü ilə çalışır. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan səfərini başa vurarkən jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın investisiyaları ilə Qarabağın qısa müddət ərzində regionun parlaq ulduzuna çevriləcək: “Azərbaycanlı qardaşlarımız işğaldan azad etdikləri ərazilərdə başladıqları tikinti və yenidənqurma işlərini sürətlə davam etdirir. Ötən il Şuşa və Füzuliyə səfər zamanı buradakı işlərlə tanış olmuşduq. Bir il sonra Qarabağın gəldiyi nöqtəni görmək, gündən- günə inkişafını müşahidə etmək bizi çox məmnun etdi”.

Daha çox xəbərlər