Gündəm 

Ən humanist, ən ədalətli siyasət

Azərbaycan şəhid ailələrinə və qazilərə göstərilən qayğıya görə MDB məkanında birincidir

Prezident İlham Əliyevin sosial siyasətində mühüm məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin rifah halını yüksəltmək, onların sosial problemlərinin həllinə nail olmaqdır. Xüsusilə onların mənzil-məişət şəraitləri hər il davamlı olaraq yaxşılaşdırılır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin əvvəlindən 200, postmüharibə dövründə 3250, ümumilikdə isə ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Ötən dövrlərdə 7400 müharibə əlilinə minik  avtomobilləri verilib. Vətən müharibəsindən sonra avtomobillə təmin edilən əlillərin sayı isə 164 olub.

Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə əlilləri qeydiyyata alındıqdan qısa zaman sonra artıq onların mənzillə, eləcə də müharibə əlillərinin avtomobillə təminatı həyata keçirilir. Bu da  onlara göstərilən xüsusi qayğının daha bir təzahürüdür. O cümlədən Prezident İlham Əliyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə bu kateqoriyadan olan insanlara 2021-2025-ci illərdə daha 11 min mənzil və ya fərdi evin verilməsi nəzərdə tutulub.

Digər önəmli fakt isə odur ki, bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətləri vaxtı-vaxtında ödənilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasiminin təşkili üçün həlak olmuş şəxsin valideynlərinə 3000 manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq şəhid ailəsinə 500 manat Prezident təqaüdünün verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailələrinə dövlət qayğısının bariz nümunəsidir.

Bundan başqa, Azərbaycan dövləti tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə də yüksək səviyyədə qayğı və diqqət göstəriliməkdədir. Belə ki, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə verilən birdəfəlik ödəmə I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat təşkil edib. Artıq icrası başa çatan bu sosial dəstək proqramı müharibə əlillərinin sosial müdafiəsinə daha bir qayğının ifadəsidir.

Eyni zamanda, onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə «Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən, təqaüdün aylıq məbləği artırılaraq I qrup əlillərə  400 manat, II qrup əlillərə 350 manat, III qrup əlillərə 300 manat (artırılmadan əvvəl bu ardıcıllıq qruplar üzrə  250 manat, 230 manat və 210 manat idi) təqaüd təyin edilib. Həmçinin birinci  dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə isə 80 manat məbləğində Prezident təqaüdü ödənilir. Qeyd edək ki, artımlar 2021-ci ilin yanvarın 1-dən qüvvədədir.

Bundan başqa, əlilliyi müəyyən edilmiş şəxslər ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə veteranlarının aktiv məşğulluq tədbirləri çərçivəsində son il yarımda 50 minədək insan işlə təmin olunub, 8 min nəfərdən çox özünüməşğulluq proqramına, 56 mindən çox insan isə ictimai işlərə cəlb olunub. Postmüharibə dövründə 24 min şəxsə 33 min xidmət göstərilib.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 8-də imzaladığı Fərmanla yaradılan «YAŞAT» Fondu da müharibə əlillərinə və şəhid ailələrinə önəmli maliyyə dəstəyi göstərir. Bu da bir gerçəklikdir ki, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi yüksək diqqət və qayğı bir çox ölkələrə nümunə göstərilir. Məhz bu amili diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır: «Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.»

Bu da bir önəmli faktdır ki, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən yüksək dövlət qayğısına görə də Azərbaycan digər MDB ölkələrindən müsbət mənada xeyli fərqlənir. Bu həm ölkə başçısının yüksək humanist keyfiyyətindən, həm də Azərbaycan dövlətinin iqtisadi qüdrətindən qaynaqlanan mühüm amildir.

Daha çox xəbərlər