Cəmiyyət 

Şərqi Zəngəzurun hava qapısı açıldı: Növbədə Laçındır!

Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ölkəmizin iqtisadi, hərbi qüdrətinin, diplomatik səylərinin nəticəsi, Türkiyə -Azərbaycan qardaşlığının əbədiyyət simvoludur

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri ölkəmizin strateji maraqları kontekstində davam etdirilir. Yenidənqurma işlərinin prioritet istiqaməti olan, digər rayonların inkişafına təsir imkanları nəzərə alınaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulmasına artırılan diqqət də təbiidir.

Təkcə Azərbaycan deyil, Cənubi Qafqaz üçün də mühüm siyasi-iqtisadi, strateji əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılmasına beynəlxalq səviyyədə xüsusi önəm verilməsi, dəstək göstərilməsi regionda inteqrasiya proseslərinin stimullaşdırılması baxımından da aktualdır. Buna görə də Ermənistanın istəyib, istəməməsindən asılı olmayaraq Zəngəzur dəhlizinin açılacağını qətiyyətlə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, əgər Ermənistan bunu istəsə, daha asan, istəməsə də zorla həll edəcəyik. Son aylarda beynəlxalq səviyyədə keçirilən görüşlərdə də Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyi dəstəklənir, bu kommunikasiya Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın bərqərar olunmasının əsas elementi adlandırılır. Artıq bütün dünya ictimaiyyəti də anlayır ki, Azərbaycan xalqının milli və tarixi yaddaşının silinməz izlərinin yaşandığı Zəngəzur sadəcə kommunikasiyaların keçəcəyi dəhliz deyil, azərbaycanlıların tarixi Vətənidir. Prezident İlham Əliyevin sözləri ilə deyilsə, gələcək maraqlarımıza tam cavab verən Zəngəzur dünənimiz olduğu kimi, həm də sabahımızdır.

Qarabağın dünyaya açılan qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanından sonra Şərqi Zəngəzurda 5 aya tikilib istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı respublikamızda turizmin inkişafını təmin edəcək böyük potensiala malik olmaqla Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Eyni zamanda bu hava limanı hər zaman praqmatik siyasət həyata keçirən Prezident İlham Əliyevin qətiyyətinin, Türkiyə ilə Azərbaycanın qardaşlıq, birlik və həmrəyliyinin rəmzidir.

Bu günlərdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə açılış mərasimi keçirilən və Şərqi Zəngəzurun dünyaya açılan hava qapısı adlandırılan Zəngilan Beynəlxalq Hava Limanı tarixi hadisə kimi yaddaşlarda qaldı.

Açılış mərasiminini Ermənistanın işğalı altında qalan Zəngilanın azadlığının ikinci ilinə təsadüf etməsinin rəmzi mənası var. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın, Zəngilan Beynəlxalq Hava Limanı isə Şərqi Zəngəzurun dünyaya açılan hava yoludur. Zəngilan Beynəlxalq Hava Limanının ilk qonağının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi rəsmi heyətin olması düşmənlərə göz dağı idi. Prezident Rəcəb Tayyib Ərdoğanın təyyarədən enərkən əli ilə «əla» işarəsini bildirməsi isə bu qardaşlığa verilən yüksək dəyər idi.

Rəcəb Tayyib Ərdoğanın Zəngəzurdakı hava limanının açılışını simvolizə edən qırmızı lenti kəsərkən əlindəki qayçını göstərib, «altundandırmı» zarafatyana sualına dövlət başçımız İlham Əliyevin «Siz kəsəndən sonra altundan da qiymətli olacaq”» söyləməsi də möhtəşəm anlar idi. Yəni, qardaşlığa sədaqət heç bir dəyərlə ölçülə bilməz. 27 il Ermənistanın işğalı altında qalan Zəngilanda cəmi il yarıma belə möhtəşəm beynəlxalq statuslu aeroportun inşa olunaraq istifadəyə verilməsi o deməkdir ki, 2024-cü il üçün planlaşdırılan Laçındakı hava limanı da vəd olunduğu vaxtda qonaqlarını qarşılayacaq.

Bütün dünya ictimaiyyəti gördü ki, işğal altında saxladığı Azərbaycan ərazilərini xarabalığa çevirən Ermənistandan fərqli olaraq Azərbaycanın siyasi kursunun əsasını qurub-yaratmaq, insanlara sevinc bəxş etmək kimi xeyirxah istəklər dayanır.

Cəbrayılda olarkən mətbuata birgə bəyanatla çıxış edən Türkiyə və Azərbaycan prezidentləri Zəngəzur dəhlizinin açılmasına hər vasitə ilə mane olmağa çalışan Ermənistana və İrana mesajlarını çatdırdılar. Xatırladaq ki, beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin açılmasının aktuallığı «Brüssel sülh gündəliyi»nin, Praqa görüşünün əsas mahiyyətini təşkil edirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək» sözlərini Zəngəzur dəhlizinin bərpasına mane olmağa çalışanlar heç vaxt unutmasınlar. Dünya və bölgə üçün strateji əhəmiyyətə malik bu dəhlizin mütləq açılacağını diqqətə çatdıran Prezident İlham Əliyev revanşistlərə də qəti mesajlarını ünvanlayıb. Bütün vədlərini yerinə yetirən dövlət başçımızın son və qəti sözü də dəyişilməzdir: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq!

Daha çox xəbərlər