BTQ Asiya ilə Avropanı qovuşduran ən səmərəli nəqliyyat layihəsidir
Bakı-Tbilisi- Qars (BTQ) dəmiryolu layihəsinin açılışından 5 il ötür. Azərbaycanın ən böyük regional layihələrindən biri olan bu dəmir yol xətti Avropa və Asiya arasında ən qısa və etibarlı yol statusuna malikdir və fəaliyyətə başladığı gündən regionda biznes mühitinin sürətli inkişafına yeni imkanlar yaradıb. Əslində, bu, layihə Azərbaycanın Türkiyə və Gürcüstanla səmərəli əməkdaşlığının məntiqi nəticəsi sayılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrin davamıdır.
BTQ böyük geosiyasi önəm daşıdığından Azərbaycana qısqanclıqla yanaşan bəzi xarici dairələr onun tikintisinə müxtəlif yollarla maneələr yaratmağa cəhd edirdilər. Ancaq Azərbaycan, Gürcüstan və Türkiyə rəhbərlərinin güclü iradəsi və qarşılıqlı dəstəyi sayəsində layihə reallaşdı. Ona görə də bu gün BTQ layihəsi qonşu və dost ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın nümunəsi hesab edilir.
Böyük tarixi hadisə olan BTQ dəmir yolu layihəsi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Dövlət başçısı hələ 5 il öncə, BTQ-nin açılış mərasimində çıxışı zamanı layihənin qlobal əhəmiyyət daşıyacağının mesajını vermişdi: «Bir daha qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Əlbəttə, bir daha demək istəyirəm ki, bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk.»
BTQ-nin açılışından ötən beş il bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev regioal layihələrlə bağlı siyasətində düzgün seçim edib. Həm geosiyasi, həm də iqtisadi anlamda Azərbaycanın mövqeyinin gücləndirilməsinə xidmət edən bu layihənin əhəmiyyəti hazırkı beynəlxalq şəraitdə özünü daha aydın göstərir. Ukraynada davam edən müharibə fonunda Qərbin Moskvaya tətbiq etdiyi sanskiyaları və Rusiya ərazisindən yan keçən yeni dəhlizlər axtarışına çıxması Orta Dəhlizin və bu dəhliz üzərində yerləşən Azərbaycanın nəqliyyat və logistika imkanlarına marağı artırıb.
BTQ Orta Asiya və Avropanın dəmiryol şəbəkələrinin birləşdirilməsini də təmin edir. Başqa sözlə, dəmir yolu Mərkəzi Asiya ölkələrinin- Türkmənistanın, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Burada yük daşınmalara sərf edilən vaxt 2 dəfədən çox qısaldılır.
Bakı-Tbilisi-Qars dəmir yolu Çin Xalq Respubliksınınin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi «Bir kəmər, bir yol» iqtisadi inkişaf strategiyasının da tərkib hissəsinə çevrilir. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: «İpək Yolu İqtisadi Kəməri» və «Dəniz İpək Yolu». Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Çin ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə görə ölkəmiz Çinin irəli sürdüyü «Bir kəmər, bir yol» təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Çünki «Bir kəmər, bir yol» strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, görərik ki, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. Tam əminliklə demək olar ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır.
2021-ci ildə ilk dəfə olaraq BTQ vasitəsilə ixrac yüklərinin nəqlinə də başlanılıb. Belə ki, Azərbaycanda istehsal olunan metal konstruksiyaları Türkiyəyə ixrac olunub. Ümumilikdə isə indiyədək Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə təqribən 2 milyon tondan çox yük daşınıb. Dəmir yolu ilə sərnişinlərin daşınması üçün də işlər görülür və bu da turizmin inkişafına yeni nəfəs gətirəcək. «Azərbaycan Dəmir Yolları» QSC-nin sifarişi ilə İsveçrənin «Stadler Rail Group» şirkəti tərəfindən BTQ dəmir yolu xətti ilə hərəkət edəcək sərnişin qatarları alınıb. Qatarda 9 sərnişin vaqonu və bir restoran var. Vaqonlarda sərnişinlər üçün ən müasir komfrotlar yaradılıb. Pandemiyaya görə quru sərhədlərimizin hələ də bağlı olması bu qatarların tam olaraq istifadəyə verilməsini ləngidir.

