Dosta dost, düşmənə düşmən…
Azərbaycan-Türkiyə qardaşlığı regionda sülhün və əmin- amanlığın təminatçısıdır
Biz «Can Azərbaycan», «Qardaş Azərbaycan» kimi möhtəşəm ifadələri qardaş Türkiyənin dəyərli dövlət adamlarından-Prezident Rəcəb Tayyib Ərdoğandan, müdafiə naziri Hülusi Akardan, xarici işlər naziri Mövlud Çavuşoğlundan və digər önəmli şəxsiyyətlərdən eşidəndə özümüzü nəhəng, uca zirvəli dağa söykənmiş kimi hiss edirik. Bu ifadələr içdən gəldiyi üçün səmimidir, cana yaxındır. Eyni zamanda, bizə nə qədər doğma və əzizdirsə, düşmənə bir o qədər də ağır zərbədir.
Bəli, Azərbaycanla qardaş Türkiyənin dostluq və müttəfiqliyi hər iki dövlətin ən çətin günlərində sınaqdan üzüağ, alnı açıq çıxıb. Biz ən dar məqamlarda bir yumruq kimi birləşərək düşmən üzərinə daha qətiyyətlə getmişik. Son illərdə isə bu birlik daha da möhkəmlənərək hər iki dövlətin gücünə güc qatmışdır. Prezident İlham Əliyev bu dostluq və qardaşlıq münasibətlərinin inkişafı barədə deyib: «Bu gün dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir».
Beynəlxalq platformalarda, dövlətlərimizlə bağlı istənilən məsələlərdə daim birlik nümayiş etdirərək bir-birinə dayaq duran iki qardaş ölkə – Azərbaycan və Türkiyə terrorizmə, işğal siyasətinə qarşı birlikdə mübarizə aparırlar. Bütün bunlar iki ölkə arasındakı siyasi-diplomatik münasibətlərdən artıq, iki qardaş xalqın mənəvi bağlılığının göstəricisidir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Türkiyənin siyasi, mənəvi dəstəyini ən yüksək səviyyədə hiss etdi. Türkiyə müharibənin ilk anlarından etibarən Azərbaycanın yanında olduğunu nümayiş etdird. Nə qədər beynəlxalq təzyiqlər olsa da, qardaş ölkə bu mövqeyindən bir addım belə geri çəkilmədi. Türkiyənin siyasi və mənəvi dəstəyi tarixi Qələbəmizin qazanılmasında çox böyük rol oynadı.
2021-ci ilin 15 iyunu Azərbaycan- Türkiyə əlaqələri tarixinə daha bir əlamətdar gün kimi yazıldı. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı və mədəniyyət paytaxtımız Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı. Azərbaycanın Milli Qurtuluş Günündə, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Bəyannamə ilə əzəldən var olan münasibətlərimiz daha yüksək zirvəyə ucaldı.
Azərbaycanın Milli Məclisi 2022-ci ilin fevralın 1-də, Türkiyə Böyük Millət Məclisi isə fevralın 3-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsini təsdiq edərək iki qardaş xalq arasında tarixi həmrəyliyin daha da möhkəmlənməsinə yeni imkanlar yaratdılar. Bəyannamədə göstərilən müddəalar da onu deməyə əsas verir ki, tarixən olduğu kimi, bundan sonra da qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.
Şuşa Bəyannaməsində diqqətçəkən müddəa Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə aiddir. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Göründüyü kimi, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul ediləcək və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradacaq.
Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyənin qanunverici orqanları tərəfindən təsdiqlənməsi isə ortaq təhlükəsizliyimizin təmin olunması, başqa qüvvələrdən gələcək təhdidlərlə mübarizə baxımından hüquqi əsaslar formalaşdırdı. Beləliklə, Türkiyə-Azərbaycan müttəfiqliyi qanun səviyyəsində təsbit olundu. Eyni zamanda, sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənmiş bu tarixi Bəyannamə Azərbaycan və Türkiyənin regional güc mərkəzi kimi beynəlxalq səviyyədə mövqelərinin möhkəmlənməsini də təmin edəcək. Xüsusilə qeyd etmək lazımdır ki, iki ölkənin qardaşlıq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri də mühüm əhəmiyyət kəsb edir.
Məhz hər iki dövlətin başçılarının rəhbərləri beynəlxalq aləmdəki qətiyyətli siyasi fəaliyyətlərinə görə də böyük nüfuz sahibidirlər. Bütün bunların nəticəsidir ki, dosta dost, düşmənə düşmən kimi cavab vermək, ən nəhayət yüksək hədəflərə doğru birgə irəliləmək bizim tale yazımıza çevrilib. Bizim birlikdə güclü olmağımız isə hər an düşmənlərimizin başı üzərində dolaşan kabusdur.

