Siyasət 

Erməni məkrinin dəyişilməyən koordinatları

Tarixdə bir neçə dəfə baş verən erməni- müsəlman qarşıdurması, daşnakların etnik təmizləmə siyasətinin müasir dövrümüzdə də davam etməsi, xarici dövlətlərdən dəstək alan daşnakların milli münaqişə zəminində törətdikləri soyqırımlar nəticəsində minlərlə soydaşımız qətlə yetirilib. Ötən əsrin sonlarında erməni ideoloqlarının planlarına əsasən başlayan, artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi»nin 30 ilə yaxın davam etməsi isə daha ağır nəticələr verdi. Azərbaycan torpaqlarının işğalı ilə bağlı xeyir-duanı «Qırmızı imperiya»da çoxluq təşkil edən havadarlarından alan ermənilər SSRİ-nin ilk və sonuncu prezidenti, ermənipərəst Mixail Qorbaçova arxalanaraq illərdən bəri həsrətində olduqları Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə «miatsum» çağırışlarını səsləndirdilər, mitinqlər təşkil etdilər. Birləşmiş” erməni dövlətinin yaradılması ideyasını əks etdirən «miatsum» şüarı ilə meydanlara axışan erməni millətçilərinin tələbi bu idi ki, Qarabağda yaşayan azərbaycanlılar bu ərazilərdən çıxarılsınlar. M. Qorbaçovun «yenidənqurma» planını dəstəkləyən erməni cəmiyyəti təcavüzkar, etnik təmizləmə siyasətinə uyğun olaraq soydaşlarımızın Qərbi Azərbaycandan, Qarabağdan kütləvi deportasiyasını həyata keçirdilər. Dağlıq Qarabağın taleyini ermənilərin xeyrinə həll etmək istəyən qüvvələrin çox olduğu həmin dövrdə Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin təlimatlarının birində deyilirdi: «Hər bir sosial iğtişaşa və ya narazılığa dərhal millətçilik istiqaməti verilməlidir. Bütün işlərdə milli-siyasi məqsədlər üstün yer tutmalıdır. Sosial narazılıqlar hətta tamamilə başqa səbəb üzündən baş versə də, onlara dərhal milli don geyindirilməlidir.» Erməni daşnak ideoloqlarının bu ideyaya uyğun hazırladıqları plan əsasında azərbaycanlılara qarşı soyqırımlar törədildi, günahsız insanlar vəhşicəsinə qətlə yetirildi. Nəticədə Azərbaycanın ərazisinin 20 faizi işğal olundu, bir milyona yaxın vətəndaşımız doğma ocaqlarından qaçqın düşdü.

Otuz il davam edən bu vəziyyətə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfərlə son qoyuldu. Torpaqlarımız Ermənistanın təcavüzündən azad edildi. Müdriklərin «Həqiqət o vaxt həqiqət olur ki, o, həqiqət olsun» kəlamı Azərbaycanın Ermənistan üzərindəki Qələbəsi ilə reallaşdı. Bir həqiqət də aşkar oldu ki, ermənilərin saxta tarixlərinin, bu ərazilərin aborigen xalqı olmaları ilə bağlı iddialarının heç bir əsası yoxdur.

Çoxlarının yaxşı bildiyi bu hadisələri xatırlatmağın səbəbi var. Son günlərdə Xankəndidə erməni məkrindən qaynaqlanan aksiyaların əvvəlki ssenarilər üzrə, planlı şəkildə təşkilində məqsəd 1988-ci ildə yaranan vəziyyəti təkrarlamaqdır. Aksiyada səslənən şuarlarda da eynilik hiss olunur: «Azərbaycana tabe olmaq istəmirik», «Öz müqəddəratımızı özümüz təyin etmək istəyirik.»

Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündən bir gün əvvələ təsadüf edən Xankəndi mitinqinin məqsədi ermənilərin və Minsk qrupunda təmsil olunan ölkələrin istəyinə uyğun «status»a nail olmaqdır. Aksiyada guya 40 minə yaxın sakinin iştirakı ilə bağlı ermənipərəst ölkələrin mətbuatında yer alan informasiyalarda guya ermənilərin Xankəndidə əzab -əziyyət içərisində yaşamaları da Azərbaycana qarşı ideoloji təxribatlardandır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə bəzi ərazilərimizdə qeyri-qanuni məskunlaşan ermənilərin çoxu bölgəni tərk edib. Yəni, mitinqdə göstərilən sayda iştirakçının olması absurddur. Təbii ki, Ermənistandan gətirilənlərin hesabına iştirakçıların sayı da artırılıb. Aksiyada belə çoxsaylı kontingentin iştirakı yalnız bölgədə yerləşdirilən Rusiya sülhməramlılarının ermənilərə «humanist yardımı»nın nəticəsi ola bilər. Laçın yolundan maneəsiz istifadə edən ermənilərə havadarlıq Azərbaycana qarşı təxribatlar törədən separatçıların, bölgədə hələ də gizlənən silahlı erməni dəstələrinin, terrorçuların qarşısında yandırılan «yaşıl işıqdır.»

Bu cür aksiyaların təşkilinin bir səbəbi də son zamanlarda Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə qarşı törədilən maneələrdir. Fransa, İran kimi digər ermənipərəst dövlətlər də işğalçıya kömək göstərməklə, aksiyaları dəstəkləməklə, əsassız bəyanatlar səsləndirməklə başqa ölkələrin daxili işlərinə müdaxilə edir, sülh prosesinə mane olurlar.

Son zamanlarda ermənilərin çoxluq təşkil etdiyi Rusiya mətbuatında, televiziya kanallarında Azərbaycana qarşı informasiya təxribatlarının sayı artıb. Bu günlərdə Soçidə Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən görüşdə əvvəllər imzalanan üçtərəfli bəyanatlarda göstərilən bəndlərin yerinə yetirilməsində Azərbaycan tərəfinin kifayət qədər fəal iştirakı qeyd olundu. Rusiya KİV-lərində isə Azərbaycanın bölgədə sabitliyin təminatı ilə bağlı təşəbbüsləri yada salınmır. Halbuki, Nikol Paşinyan ən azından Praqada qəbul olunan Bəyanata əməl etməlidir. Amma Xankəndidə aksiyalar təşkil etməklə terrorçuları dəstəkləyən, sülh sazişinin imzalanmasına əngəl törədən, bölgədə hələ də gərgin olaraq qalan prosesləri öz maraqları baxımından dəyərləndirən, Cənubi Qafqazda hegemonluq, bölgədə təsir imkanlarını saxlamaq naminə qarşı-qarşıya gələn Qərb və Rusiya həmişə olduğu kimi yenə də , erməni kartından istifadə edirlər. Rus şairi İvan Krılovun «Qu quşu, Durnabalığı və Xərçəng”» təmsilində təsvir olunan mənzərəyə uyğun olaraq Ermənistanı müxtəlif istiqamətlərə yönəldirlər. Amma hamı bilir ki, son söz qüdrətli Azərbaycanın siyasi iradəsi ilə beynəlxalq ictimaiyyət arasında böyük nüfuz qazanan Prezidenti İlham Əliyevə məxsusdur. Azərbaycanın daxili işlərinə müdaxilə «keçinin suyu bulandırmaq» bəhanəsinə uyğun çirkinlikdir.

«Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir» söyləyən Prezident İlham Əliyev onu da diqqətə çatdırır ki, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, o, erməni xalqının birinci düşmənidir: «Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur.» Bu yolun «yaşıl işıq» yandıran çağırışı Prezident İlham Əliyevin «Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!» sözləri, ermənilərin yuxusuna haram qatan dəmir yumruğun hər zaman düşmənin başı üstündə olmasıdır.

Daha çox xəbərlər