Əsas səhifə 

Qarşılıqlı maraqlara, sabitliyə, inkişafa əsaslanan siyasət

Ərəb Dövlətləri Liqasının Sammitində fəxri qonaq qismində dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən İslam dünyasında yüksək nüfuzunun sübutudur

Azərbaycanın Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, regionda sülhyaratma və təhlükəsizliyin təmin olunmasında əldə etdiyi nailiyyətlər, atdığı addımlar və irəli sürdüyü təşəbbüslər həm bölgənin, həm də bütövlükdə dünyada təhlükəsizliyin təmin edilməsinə yönəlib. Bütün bunlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsi nüfuzu, bacarıqlı diplomatiyası, müdrikliyi, yeni vəziyyəti və gələcək hədəfləri görmə bacarığı sayəsində mümkün olmuşdur. Ölkəmiz region, eləcə də dünya dövlətləri ilə bərabərhüquqlu, etibarlı, qarşılıqlı maraqlara, sabitliyə, iqtisadi inkişafa xidmət edən əlaqələr qurmaqla yanaşı, həm də müasir beynəlxalq münasibətlər sistemində, dəyişən dünyanın yeni siyasi nizamında öz yeri, mövqeyi və nüfuzu ilə seçilir.

Ötən gün Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının Sammitində iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən yalnız Azərbaycan və Seneqal prezidentlərinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katiblərinin fəxri qonaq qismində zirvə görüşünə dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən İslam dünyasında yüksək nüfuzunu bir daha sübut etmiş oldu.

Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin qədim tarixi var. İki ölkənin əlaqələri ortaq İslami dəyərlərə, mədəniyyətə və adət-ənənələrə əsaslanır. Hələ sovet dönəmində əlcəzairli tələbələr Azərbaycan universitetlərində təhsil alıb. Altmışıncı illərdə Əlcəzair hökuməti çoxlu əlcəzairli gənci Bakı Hərbi Dənizçilik Məktəbində oxumaq üçün Azərbaycana göndərib və həmin müdavimlər Əlcəzair Milli Hərbi Dəniz Qüvvələrində yüksək vəzifələr tutublar. Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alan əlcəzairli tələbələr də çox olub. Azərbaycanlılar da Əlcəzairdə müxtəlif neft-kimya sahələrində çalışıblar.

Əlcəzair 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr isə 1994-cü il aprelin 22-də qurulub. 2016-cı ildə bu ölkədə Azərbaycanın səfirliyi təsis olunub. Əlcəzairin isə Azərbaycanda diplomatik ofisi 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib. İki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq həyata keçirilir. Əlcəzair Prezidenti Abdelkader Bensalah 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfər edib. Bundan başqa, hər iki ölkənin parlamentləri arasında da dostluq əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Əlcəzair parlamentlərarası işçi qrupu, eyni zamanda, Əlcəzair parlamentində Əlcəzair-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, Əlcəzair Xalq Demokratik Respublikası ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Əlcəzair əhəmiyyətli təbii qaz (hasilatda dünyada 5-ci, ixracatda 4-cü) və neft (hasilatda 13-cü, ixracatda 9-cu) istehsalçısı və ixracatçısıdır. Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürüldüyündən Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir. 1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə nəticələnib. İnqilaba başçılıq edən Milli Qurtuluş Cəbhəsi milli-azadlıq mübarizəsinin məqsədlərini belə müəyyənləşdirmişdi: ölkənin fransız müstəmləkə zülmündən azad edilməsi, Əlcəzair respublikasının yaradılması. 1962-ci ilin martında Fransa atəşin dayandırılması haqqında Evian sazişini imzalayır və Əlcəzairin müstəqilliyini tanımalı olur. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edilir. Milli azadlıq hərəkatı məhz noyabrın 1-də başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti 1 noyabr tarixinə salınıb. Bu il ölkədə dövlət müstəqilliyinin 60-cı ildönümü qeyd olunur.

Azərbaycanla Əlcəzair arasındakı iqtisadi sahədə əlaqələr barədə onu deyə bilərik ki, 1995-2022-ci illər ərzində Əlcəzairdən Azərbaycana 504,9 min ABŞ dolları investisiya qoyuluşu həyata keçirilib. 2021-ci ildə Azərbaycanın Əlcəzair ilə ticarət dövriyyəsinin həcmi 1.373,2 min ABŞ dolları, o cümlədən idxalın həcmi 1.363,7 min dollar, ixracın həcmi isə 9,5 min dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 1.354,2 min dollar olub. 2022-ci ilin yanvar-sentyabr aylarında isə ticarət dövriyyəsinin həcmi 865,75 min ABŞ dolları, o cümlədən idxalın həcmi 845,94 min dollar, ixracın həcmi 19,81 min dollar təşkil edib.

Əlcəzair hər zaman ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini birmənalı olaraq dəstəkləyib və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif qətnamələrin qəbulu zamanı da nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı Əlcəzair portallarında ölkəmizin haqq savaşı, bu savaşda qazandığı möhtəşəm Qələbəsi barədə məqalələr dərc edilib.

Daha çox xəbərlər