Yaşayış minimumu və ehtiyac meyarı nə qədər artırılıb?
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün hər il pensiyalar, müavinətlər artırılır. Azərbaycanda gələn il yaşayış minimumu və ehtiyac meyarının bərabər məbləğdə – 246 manat olması nəzərdə tutulur. Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsində bildirilir. Beləliklə, 2023-cü ildə yaşayış minimumu 2022-ci illə müqayisədə 17,15%, ehtiyac meyarı isə 23% çox olacaq.
Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insan sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Buraya ərzaq məhsullarının, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.) və xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.) daxildir. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır.
Belə ki, yaşayış minimumu aztəminatlı ailələrə müxtəlif sosial yardımların formalaşdırılması və hesablanmasında, eləcə də onlarla bağlı dövlət proqramlarının işlənib hazırlanmasında, qanunvericilikdə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında, ölkə üzrə həyat səviyyəsinin müəyyən edilməsində, əhali gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsində də əsas göstərici kimi istifadə olunur.
Cari ilin əvvəlindən əmək pensiyalarının minimum məbləği 40 manat və ya 20% artırılaraq 240 manata çatdırılıb. Bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb. Rəydə qeyd edilib ki, hazırda minimum pensiya orta aylıq əməkhaqqının 28,9%-i, minimum aylıq əməkhaqqının isə 80%-i səviyyəsindədir. Cari ildə qəbul edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda minimum pensiya məbləğinin minimum əməkhaqqı səviyyəsinin 75-80%-i səviyyəsində saxlanılması əsas hədəflərdən biri kimi müəyyən edilib.
Yuxarıda da qeyd olunduğu kimi, məlumatların təhlili pensiyanın orta göstəricisinin artımının indeksləşmə hesabına təmin ediləcəyini göstərir. Layihə ilə birlikdə təqdim edilmiş İzahatda, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsində minimum pensiya məbləğinin artırılmasına dair qeydlər əks etdirilməyib ki, bu da növbəti ildə minimum pensiya məbləğinin ehtiyac meyarından yuxarı olacağı deməkdir. Bu və yuxarıda göstərilənlər növbəti ildə minimum pensiya məbləğinin artırılması ilə bağlı tədbirlərin reallaşacağına dair ehtimalları yüksəltməklə Fondun xərclərinə yenidən baxılması zərurətinin də yaranacağını qeyd etmək imkanı verir.
Növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulub ki, bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə əsasən növbəti ilin 01 yanvar tarixindən ehtiyac meyarının həddi 246 manat olaraq təklif edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müəyyən edilən göstəricidir.
Göründüyü kimi, yaşayış minimumu digər sosial normativlərlə zәncirvarı bağlıdır və bu sahədə müsbət dəyişikliklər digər sahələrdə artımlarda özünü büruzə verir. Beləliklə, ölkə üzrə yaşayış minimumu ilə ehtiyac meyarı arasındakı fərqin ləğv olunaraq bərabərləşdirilməsi aztəminatlı ailələrin sosial rifahı səviyyəsinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addım olmaqla, yaşayış minimumu və digər sosial normativlərin növbəti illərdə artımları üçün əlverişli zəmin yaradır. Nəticədə bu sosial təşəbbüslər yaşayış minimumunun keyfiyyətli sosial rifah normaları səviyyəsinə çatmasına imkan verəcək.

