Gündəm 

Soçi görüşü diplomatik uğurumuzdur

Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir

Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, təhlükəsizliyə, sabitliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Ümumiyyətlə, Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin inkişafı bütövlükdə regionun inkişafı, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından böyük önəm daşıyır. Öz növbəsində, Rusiya da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur. Digər tərəfdən, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür.

Ölkələrimizi qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyi sayəsində hazırda münasibətlər strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Azərbaycan və Rusiya dövlət başçılarının mütəmadi olaraq keçirdikləri görüşlərdə fəal siyasi dialoq özünü qabarıq büruzə verir. Bu görüşlər, demək olar ki, bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafını sürətləndirir. Bütövlükdə, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, eyni zamanda, milli maraqların qarşılıqlı faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır.

Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi baxımından böyük önəm kəsb edir. Bu görüşün nəticələri və görüş nəticəsində qəbul edilən bəyanat Azərbaycan Prezidenti İlham Əliyevin intellektual üstünlüyü ilə keçən növbəti diplomatik uğurumuzdur. Azərbaycan nüfuz etibarilə regiondakı liderliyini qoruyub saxlayır və baş verən proseslər rəsmi Bakının iradəsindən kənarda inkişaf etmir. Paşinyan artıq anlayır ki, Soçi bəyanatında əks olunan müddəalara əməl etməsə bu ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Ermənistan yeni reallıqları qəbul etməli, eyni zamanda həmin reallıqlarla barışmalıdır.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər