Region Xəbərləri 

YAP Bərdə Rayon Təşkilatının Kollektivi Zəfər Günü Ərəfəsində Şəhid Ailələrini Ziyarət Edib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının 8 Noyabr – Zəfər Günü ərəfəsində həyata keçirdiyi “Zəfərimizin sarsılmazlığını sizin dəyanətinizə borcluyuq, əziz şəhid ailələri!” adlı aksiya çərçivəsində şəhid ailələri ziyarət olunur. Aksiyada məqsəd Zəfər bayramını şəhid ailələri ilə birlikdə keçirmək və onlara Zəfər bayramı ovqatı bəxş etməkdir.

ARANTV.AZ  xəbər verir ki, YAP Bərdə rayon təşkilatının kollektivi aksiya çərçivəsində Ermənistanın Bərdədə həyata keçirdiyi terrorun qurbanları Ofeliya Cəfərova, Ehtiram İsmayılov, YAP üzvü Aybəniz Əhmədova və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Cavanşir Əhmədovun ailəsinə baş çəkib.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya şəhid ailələri ilə görüş zamanı qırx dörd günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb. Bildirib ki, Vətən müharibəsində qazanılan şanlı Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərin igidliyi və rəşadəti sayəsində əldə olunub. Bu Qələbəni başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli ordumuza, şəhidlərimizə, qazilərimizə və xalq-iqtidar birliyi ilə qazanılmış Zəfərimizi möhkəmləndirən şəhid ailələrinin dəyanətinə borcluyuq.

Görüş zamanı şəhid ailələrinin hər biri şanlı Zəfərin xalqımızın haqqı olduğunu bildirib, şəhid ailələrinə daim qayğı göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Daha çox xəbərlər