KTMT bundan sonra da Ermənistanın hərbi-siyasi avantüralarına alət olmayacaq
Aleksandr Lukaşenkonun son çıxışları erməniləri qəzəbləndirib
Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Ermənistan rəhbərliyinə qarşı sərt çıxışları, eyni zamanda, Azərbaycanın haqlı mövqeyini müdafiə edən ciddi açıqlamaları ilə yadda qalıb. Rusiyadan sonra KTMT-nin əsas üzv ölkəsi hesab edilən Belarus Prezidentinin kəskin çıxışından sonra o, artıq Ermənistanda düşmən hesab edilir. Xatırlatmaq lazımdır ki, hələ İkinci Qarabağ müharibəsində də Ermənistanın əsas istəyi KTMT-ni Qarabağdakı müharibəyə cəlb etmək idi. Hətta müharibə dövründə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin ərazi bütövlüyünün pozulduğu barədə sərsəm iddialarla KTMT-ni köməyə çağırırdı. Lakin təşkilata üzv ölkələrin rəhbərləri, o cümlədən Aleksandr Lukaşenko birmənalı olaraq bildirmişdi ki, Qarabağ Azərbaycanın ərazisi olduğu üçün burada aparılan hərbi əməliyyatlara qarışa bilmərik.
Belarus Prezidenti sözügedən son toplantıda da Nikol Paşinyanı yenidən danlayaraq ona açıq şəkildə çatdırdı ki, KTMT-yə üzv dövlətlərin liderləri bundan sonra da Ermənistanın hərbi-siyasi avantüralarına alət olmayacaq. Hətta ona sərt xəbərdarlıq edərək bildirdi ki, tezliklə Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələrə başlayıb problemləri ikilikdə həll etməyə çalışsın: «Əks halda, vəziyyət Ermənistan üçün daha da pis olacaq.»
Lukaşenko Ermənistanın ayağı sürüşkən siyasətinə də eyham vuraraq onun Avropa Birliyinə, xüsusilə də Fransaya güvənməsini də sərt tənqid edib. O, burada hansı oyunların nə məqsədlə başladıldığından məlumatlı olduğunu da vurğulayaraq Ermənistanı bu təhlükəli oyunlardan çəkinməyə çağırdı.
Qeyd edək ki, hələ bir xeyli əvvəl də Belarus Prezidenti Ermənistanın müstəqil dövlət olduğuna şübhə etdiyinə eyham vurmuşdu. Bbu da erməni cəmiyyətində ciddi narazılıq yaratmışdı. Ona görə də bu gün Ermənistan cəmiyyətində Lukaşenkoya qarşı bir antipatiya mövcuddur.
Lakin bütün bunlara rəğmən, Belarus Prezidenti Ermənistanın ona və ölkəsinə mənfi münasibətindən narahat deyil. Belə ki, Aleksandr Lukaşenko KTMT-nin Baş katibi Stanislav Zasla görüşündə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı niyə kəskin reaksiya verdiyini və ölkəsinin mövqeyinin əsas səbəblərini izah edib. Onun sözlərinə görə, hələ İkinci Qarabağ müharibəsindən öncə Nikol Paşinyan onunla söhbətində işğal altındakı torpaqların Azərbaycana məxsus olduğunu etiraf edib: «Mən də dedim ki, əgər, elədisə, onda həmin əraziləri geri qaytarın. Əgər, mən bunu deyəndə o rayonları qaytarsaydılar, bu müharibə də olmazdı. Nəticədə Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hərbi güc tətbiq etmək məcburiyyətində qaldı.»
Əslində, erməniləri hiddətləndirən digər səbəb isə Lukaşenkonun Rusiya Prezidenti Vladimir Putinin ən yaxın silahdaşı olaraq Ermənistana qarşı belə sərt mövqe sərgiləməsidir. Onlar bu mövqeyi, eyni zamanda, Rusiyanın mövqeyi kimi də qəbul edirlər.

