Gündəm 

Biz müharibədə ona görə qalib gəldik ki…

Güclü ordu hər bir dövlətin təhlükəsizliyinin təmin edilməsi baxımından əsas şərtdir. Tarix sübut edir ki, güclü orduya malik olmayan dövlətlər hər zaman ciddi problemlərlə üzləşir, müstəmləkəyə çevrilir, iqtisadi baxımdan başqa dövlətlərdən asılı vəziyyətə düşürlər. Məhz buna görə də dövlətlər öz müdafiə qabiliyyətlərini artırmağa xüsusi diqqət yetirirlər. Bu baxımdan Azərbaycan bütün dünyaya nümunə ola bilər. Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımız dövlətimizin bütün cəhdlərinə rəğmən sülh yolu ilə qaytarılmadı. Əlbəttə, belə olan halda müharibə bir məcburi addım olaraq meydana çıxdı. Azərbaycanın apardığı müharibə ədalətli müharibə idi və işğaldakı torpaqların azad edilməsinə hesablanmışdı. Bizim məqsədimiz məhz bu idi. Minimum itki ilə 30 illik nisgilə son qoymaq. Lakin Ermənistanın timsalında isə bu, işğalçılıq müharibəsi idi və ədalətsiz xarakter daşıyırdı. Biz qürurluyuq ki, bu müharibədə məhz Azərbaycan qalib gəldi və ərazi bütövlüyümüz təmin edildi.

Peşəkar Azərbaycan Silahlı Qüvvələrinin və düşünülmüş, məqsədyönlü xarici siyasətimiz sayəsində Vətən savaşında qazanılan Qələbə müstəqillik və bütövlükdə dövlətçilik tariximizin ən mühüm hadisəsidir. Torpaqlarımızın işğaldan azad edilməsi göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər birimiz Cənubi Qafqazın təkcə lideri deyil, həm də qalib dövlətinin vətəndaşı olmağımızla qürur duyuruq. İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi Qələbə ilə Azərbaycan bölgədəki statusunu bir qədər də möhkəmləndirdi. Bütün sadalananlarla XXI əsr müharibəsindəki qalibiyyətimiz “müzəffər erməni ordusu”  mifologiyasını da darmadağın etdi.

Heç kəsə sirr deyil ki, İkinci Qarabağ müharibəsi ərəfəsində artıq Ermənistan ordusu adında heç nə qalmamışdı. Vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, silah-sursatı qoyub qaçan, başıpozuq ermənilər məğlub oldular. 30 il ərzində əldə etmək istədiklərinin heç birinə nail olmayan Ermənistana müzəffər ordumuz öz layiqli yerini göstərdi. Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş hazırlığının nə qədər yüksək, həmçinin maddi-texniki bazasının nə qədər güclü olduğunu göstərdi. Azərbaycan bu müharibədə hərbi texnologiyanın ən müasir yeniliklərini tətbiq etdi. Azərbaycan Prezidenti bir çox müsahibələrində, çıxışlarında dəfələrlə söyləyib ki, bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir: “Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

2021-ci il aprel ayının 12-də dövlət başçısı Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında bildirmişdi: “Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib”. Sözügedən bu Parkda 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan qənimət götürülmüş və məhv edilmiş texnikalar və s. nümayiş etdirilir. Açıq səma altında nadir Parkdakı hər nüans Azərbaycan Ordusunun qalibiyyətini, məğrur əsgərlərimizin şücaətini, şəhidlərimizin Vətən sevgisini bir daha ziyarətçilərə xatırladır. Burada nümayiş etdirilən hərbi qənimətlər Azərbaycan torpaqlarında 30 il ərzində möhkəmlənən işğalçı Ermənistana məxsusdur. Bu, onu göstərir ki, hibrid ermənilər nəinki başqasının torpağına göz dikən oğrudurlar, onlar həm də savaşdan qorxan məxluqlardır. Ermənistan ordusu döyüşmədən, vuruşmadan 150-dək ağır texnikanı, “T-72” tanklarını, piyadaların döyüş maşınlarını, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusunu, “Osa” zenit-raket kompleksini qoyaraq, mövqelərini işıq sürəti ilə tərk ediblər.

Azərbaycan xalqının ürəyi Vətən sevgisi ilə dolu olan övladları əsrlər öncəsində olduğu kimi, indi də Vətənini qorumaq, onu ucaltmaq üçün hər fədakarlığı edir, hər çətinliyə sinə gərir, düşmənin təxribatlarının qarşısını layiqincə alır.

Nəticə… 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu nəinki işğal olunmuş torpaqları azad etdi, hətta düşmən ordusunu darmadağın etdi. Onilliklər boyu təcavüzkar Ermənistan ərazilərimizdə istehkamlar, beton hasarlar qurmuş, müdafiə xətlərini gücləndirmişdi. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan müasir silahlar və əzmkar, qəhrəman, igid Azərbaycan hərbçilərinin sayəsində ermənilərin ağır silah arsenalı tamamilə məhv edildi. Bütün dünya ictimaiyyəti Azərbaycanın müasir müharibə üsullarının uğurlu tətbiqinin, Vətən, torpaq sevgisinin şahidi oldu.

Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) silah və texnika itkisindən Ermənistan tərəfinə dəymiş maddi ziyanı qiymətləndirib. UNEC -in məlumatına görə, Ermənistan 4,8 milyard dollarlıq silah itirib.

Şübhəsiz, bu gün dünyada bütün sahələr kimi, hərbi sənaye də sürətlə inkişaf edir. Yeni hərbi texnikalar meydana çıxır, sürətli modernləşdirmə işləri həyata keçirilir. Azərbaycan Silahlı Qüvvələri bu gün də təkmilləşir, güclənir.

Onu da yada salaq ki, Vətən müharibəsi haqqında danışan yerli və xarici ekspertlər birmənalı olaraq dəfələrlə vurğulayıblar ki, Azərbaycan Ordusunun ən böyük uğuru sadəcə müasir hərbi texnikaya, peşəkar kadrlara malik olması ilə bağlı deyil. Sadalanan faktorlarla yanaşı, tarixi Zəfərimiz Azərbaycan Silahlı Qüvvələrinin fiziki hazırlıq səviyyəsinin olduqca yüksək olması ilə bağlıdır.

Daha çox xəbərlər