Sağlam gələcək üçün…
Nizami rayonunda narkomanlığa qarşı mübarizə tədbirləri davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın, habelə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilə dair İş Planının müvafiq bəndlərinin icrası ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Nizami Rayon Komissiyası tərəfindən 2022-сi ilin ötən dövrü ərzində bir sıra işlər həyata keçirilmiş, 2022-ci il üçün iş planı təsdiq edilmiş, aidiyyəti idarə və təşkilatlara müvafiq tapşırıqlar verilmiş, yerlərdə, xüsusilə də tədris müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin intensivliyi daha da artırılmış, mütəmadi olaraq narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin təşkili, gücləndirilməsi və davamlılığının təmin edilməsi xüsusi nəzarətə götürülmüşdür.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Nizami Rayon Komissiyasının illik iş və tədbirlər planına uyğun olaraq, habelə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 25.05.2022-ci tarixli, 02-535 nömrəli məktubuna əsasən 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar İşçi Qrupu ilə birgə könüllülərin iştirakı ilə 20 iyun 2022-ci il tarixində rayonun Keşlə qəsəbəsində “Sağlam həyat tərzini seçirik, narkomaniyaya yox deyirik” adlı maarifləndirici aksiya təşkil edilmiş, İşçi Qrupu tərəfindən maariflədirici bukletlər paylanılmışdır. Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən, Gənclər və idman idarəsi, Polis idarəsi ilə birgə könüllülər də cəlb olunmaqla avqust və sentyabr aylarında Çobanzadə, Şərifli, Özbəkistan küçələri və Q.Qarayev prospektini əhatə edən yaşayış binalarının həyətlərində, abad məhəllələrdə, istirahət guşələrində, metro stansiyalarının çıxışlarında, avtobus dayanacaqlarında əhali ilə görüşlər keçirilmiş, xüsusən gənclərlə söhbətlər aparılmış, onlara rayon İcra Hakimiyyətinin hazırladığı “Sən hədəf deyilsən”, “Narkomaniyaya yox deyək” və “Narkomaniyadan özünü qoru” adlı maarifləndirici məlumat bukletləri paylanılmışdır. Belə aksiyalar digər ünvanlarda da keçiriləcəkdir. 22 iyun 2022-ci il tarixində YAP Nizami rayon təşkilatı ilə birgə Texnika və Texnologiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzində “Gələcəyimiz naminə narkomaniyaya yox deyirik”, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi ilə birgə 210 və 312 nömrəli məktəblərdə “Narkomanlığa və dini ekstremizmə yox deyirik” mövzusunda tədbirlər təşkil olunmuşdur. Ötən dövr ərzində narkomaniya ilə bağlı hüquqi maarifləndirmə tədbirləri çərçivəsində rayon Prokurorluğunun əməkdaşları ilə 229 və 328 nömrəli məktəblərdə müəllim, şagird və valideynlərlə görüşlər keçirilmişdir.
Həmçinin rayon Polis idarəsi ilə birgə 12, 32, 61, 62, 70, 109, 201, 210, 214, 227, 242, 250, 251, 272 və 277 nömrəli məktəblərdə, habelə Bakı Texniki və Bakı Qida Sənayesi Kolleclərində, Xəzər Universitetində maarifləndirici tədbirlər təşkil edilmişdir.
Rayon Gənclər və idman idarəsi ilə birgə yeniyetmə-gənclərin iştirakı ilə “Gənclər narkomaniyaya yox deyir”, “Sağlam bədəndə sağlam ruh olar” mövzularında tədbirlər, həmçinin sağlam həyat tərzinin təbliği məqsədilə rayon məktəbliləri arasında inşa yazı müsabiqələri, idman yarışları, intellektual oyunlar keçirilmişdir.
Yeniyetmə-gənclər arasında sağlam həyat tərzinin təbliği, onlarda fiziki sağlamlığn formalaşdırılması məqsədilə “Missia Media” qrupu ilə birgə boks turniri, “Amasiya” və “Ruslan-93”idman klubları ilə birgə futbol yarışları, “Ağ at” idman klubu ilə birgə üzgüçülük yarışları, 1 saylı İdman liseyi ilə birgə badminton yarışları təşkil edilmişdir.
Narkomaniya ilə bağlı keçirilən tədbirlərdə rayonda fəaliyyət göstərən ictimai birliklərin və cəmiyyətlərin rəhbərləri, habelə din xadimləri də iştirak etmişlər. 27 oktyabr 2022-ci il tarixində Keşlə qəsəbəsindəki 227 №-li tam orta məktəbdə “Üçüncü sektor” İctimai Birliyi ilə birgə “Sağlam həyat” aylığı çərçivəsində narkomaniyaya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri təşkil edilmişdir.
Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət verilmiş, onların idman, incəsənət, ictimai faydalı əməklə məşğul olmaları üçün müvafiq şərait yaradılmışdır.
Rayonda 3 və 8 №-li Uşaq-Gənclər İnkişaf mərkəzləri, 1 №-li İdman liseyi (13 №-li İOEUGİM), 15 və 33 №-li musiqi məktəbləri uşaqların asudə vaxtının səmərəli və faydalı təşkili üçün müvafiq işlər həyata keçirir.
3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzində yaradıcılıq, texniki, turizm, idman istiqamətləri üzrə 31 adda dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə 2500-yə yaxın dərnək üzvü məşğul olur. Uşaq və gənclərin dünyagörüşünün artması, məlumat dairələrinin genişləndirilməsi, istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə müxtəlif tədbirlər keçirilir. Mərkəz, həmçinin rayon, şəhər, respublika və beynəlxalq tədbirlərdə fəal iştirak edir. 8 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən 122 qrupda-bədii qiraət, əyləncəli fizika, bacarıqlı əllər, texniki estetika, informatika, təsviri incəsənət, bədii tikmə, gənc dizayner, radioelektronika, musiqisevərlər qruplarında 1700 nəfər uşaq məşğul olur.1 №-li İdman liseyinin cüdo, akrobatika gimnastikası, boks, stolüstü tennis, tennis, qılıncoynatma və badminton kimi idman bölmələrində məşğul olanların sayı 850 nəfəri təşkil edir.
Musiqi məktəblərində isə incəsənət üzrə 600 nəfər asudə vaxtının səmərəli keçirir.
Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən uşaq sahə inspektorları cəlb edilməklə bu kateqoriyadan olan uşaqlarla həm fərdi qaydada, həm də valideynlərinin iştirakı ilə profilaktik söhbətlər aparılmış, həmin uşaqlara müəllimlər təhkim olunmuşdur. O cümlədən Nizami bələdiyyəsi rayondakı 1 saylı Uşaq evində yaşayan uşaqlara müntəzəm hamilik qayğısı göstərmiş, onların təlim-tərbiyəsində, asudə vaxtlarının səmərəli keçirilməsində lazımi dəstək olmuş və köməkliklər göstərmişdir.
Ötən dövr ərzində rayonda “Xaş-Xaş-2022” şərti ad altında qabaqlayıcı kompleks əməliyyat tədbirləri çərçivəsində Polis İdarəsi tərəfindən bir sıra işlər həyata keçirilmiş, rayon ərazisində narkotik vasitələrlə bağlı törədilən cinayət hadisələrinin qarşısının alınması, aşkar edilib açılması istiqamətində əməli tədbirlər görülmüş, əhalinin istirahət etdiyi yerlərdə reydlər və əməliyyat yoxlamaları təşkil edilmişdir.
Rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və yabanı halda becərilməsi faktı müəyyən edilməmiş, həmçinin yetkinlik yaşına çatmayanlar tərəfindən narkotiklərlə bağlı cinayət hadisəsi törədilməmişdir.
Narkomanliğa qarşı mübarizə Nizami Rayon İcra Hakimiyyətinin daim nəzarətindədir və bundan sonra da bu sahədə məqsədəmüvafiq tədbirlər həyata keçiriləcəkdir.
Gülnaz İsrafilova,
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyərinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri

