Gündəm 

44 gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfərimizdir

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin vahid tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Bu qələbəmizlə biz Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.

Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarə” ifadəsi ordumuzu  hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi.  Bu ağır və şərəfli günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olduq. Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu  xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44  günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə təxminən 28 il idi ki, kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan bu tarixi ədaləti təkbaşına bərpa etdi. Bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı.  Bu tarixi qələbə 1 milyondan çox  Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu. 44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirmişdir. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Ayşən Qasımova,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər