Azərbaycan öz inkişafın yeni mərhələsinə qədəm qoyur
30 il müddətində ağrılı-acılı,qan yaddaşımız olan Qarabağımızın geri qayıdışı Azərbaycan tarixində “Zəfər tarixi” kimi yazıldı. Azərbaycanın Ali Baş Komandonu İlham Əliyevin əmri və Azərbaycanın Rəşadətli ordusu sayəsində bu həsrətə son qoyuldu. İşğalçı,təcavüzkar Ermənistan ordusunun 27 sentyabr 2020-ci ildə Azərbaycana qarşı hərbi təcavüzü 44 günlük müharibənin başlamasına zəmin yaratdı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.
Şübhəsiz ki, bu təxribat Azərbaycan üçün ilk deyildi. Mənfur qonşularımız olan erməni daşnak birləşmələri və onların havadarları 200 ildən artıqdır ki, dövlətimizə qarşı torpaq iddiası irəli sürərək Azərbaycan türklərinə qarşı qətliamlar törədir, böyük fəlakətlərə imza atırlar. XX əsr azərbaycanlıların kütləvi qırğınları, yerini – yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə tarixə düşmüşdür.1905-1907, 1914-1916, 1918-1920, 1948-1953 və 1988- ci ildən bəri baş vermiş fəlakətlər erməni vəhşiliyinin, erməni vandalizminin bariz nümunəsidir. Buna səbəb olaraq da artıq səbr kasası dolmuş Azərbaycan münaqişəyə son qoymaq üçün cavab tədbirləri görməyə məcbur oldu.
Bu gün artıq Azərbaycan dünyada Zəfər ölkəsi kimi tanınır. Azərbaycanın gələcəyə aydın baxışı vardır və Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyur. Azərbaycan xalqı-öz torpaqlarından didərgin düşmüş hər bir soydaşımız bu anı böyük ümidlə gözləyirdi. Qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi, həm işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində sistemli fəaliyyət müvəffəqiyyətlə davam etdirilir. Qarabağda aparılan quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək, bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi xüsusi diqqət mərkəzində saxlanılır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Prezident İlham Əliyevin çıxışlarında açıqladığı bəyanatlardan da başa düşülür ki, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

