Siyasət 

Milli maraqları hər şeydən uca tutan Lider adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı

Azərbaycan tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi

Hər kəsin doğmalarının, əzizlərinin, özünün doğulub boya-başa çatdığı məmləkət Ana Vətən adlanır. Bu ifadələrin dərinliyini dərk etmək isə vətənpərvərlik mövzusunda düşünməyə əsas verir.

Vətənpərvərlik anlayışı barədə keçmişdən indiyə qədər fərqli fikirlər söylənilib, yazılıb. Qazi Mustafa Kamal Atatürk Vətən sevgisinin Vətənə xidmətlə ölçülə biləcəyini ifadə etmiş, ümummilli lider Heydər Əliyev isə bildirmişdi ki, gərək nəbzin Vətənin nəbzi ilə vursun. Müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər vətənpərvərliyin insanın daxilindəki duyğu olduğunu söyləyirdi. Vətəni sevmək isə həm də orada əmin-amanlığın, rifahın, inkişafın, çiçəklənmənin olması üçün çalışmaq, əlindən gələndən daha artığını ortaya qoymaq deməkdir. 2015-ci ildə kimya üzrə Nobel mükafatçısı professor Əziz Sancarın bununla bağlı fikirləri ibrətamizdir : “Vətən sevgim olmasa idi buralara gəlib çata bilməzdim. Çox çalışın, uşaqlarınıza da həm çalışmağı, həm də Vətən sevgisini öyrədin”. Azərbaycan xalqının ürəyi Vətən sevgisi ilə dolu olan övladları əsrlər öncəsində olduğu kimi, indi də Vətənini qorumaq, onu ucaltmaq üçün hər fədakarlığı edir, hər çətinliyə sinə gərir. Əcdadlarımızın mirasına sahib çıxaraq 44 günlük Vətən müharibəsində bütün dünyaya öz birliyimizi, bərabərliyimizi, Vətən sevgimizi göstərdik. Vətən sevgisindən mayalanmış igidliklə region üçün təhlükə mənbəyi olan Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi cahana Azərbaycan adlı məmləkəti bir daha tanıtdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı qələbəyə səsləyən rəhbər çağırışı oldu. İgid, cəsur Azərbaycan oğulları onilliklər boyu yağı tapdağı altında qalmış yurd yerlərimizi cəmi 44 günə azad etdilər.

Hazırda təkcə Azərbaycanda yaşayanlar yox, ümumilikdə bütün dünya azərbaycanlıları qürurla, sevinclə, fəxrlə təqvimdə bir-birinin ardınca qeyd olunan Zəfər, Bayraq, eləcə də Konstitusiya günlərini qeyd edirlər. Hər birimiz çox yaxşı xatırlayırıq ki, iki il öncəyə qədər bizə dost olan ölkələrin başçıları, nümayəndələri öz çıxışları, əlamətdar günlərdə səsləndirdikləri təbriklər zamanı həmişə bütün azərbaycanlıların da ən ümdə arzularını dilə gətirirdilər: “Azərbaycanın dövlət bayrağının işğaldan azad edilmiş bütün torpaqlarda dalğalanmasını arzulayırıq”. Ölkə başçısı isə əminliklə bəyan edirdi ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Məhz Ali Baş Komandanın düşünülmüş addımları, qətiyyəti, milli maraqları hər şeydən uca tutması Azərbaycanı cəmi qırx dörd günə qalib ölkə kimi bütün dünyaya tanıtdı. 2020-ci il sentyabrın 27-də Ermənistan ordusu müxtəlif istiqamətlərdən Azərbaycanın kəndlərinə, hərbi mövqelərinə hücum etməyə başladı. Ermənistanın növbəti təxribatından sonra Silahlı Qüvvələrimiz əks-hücuma keçdilər.  Nəticədə 44 gün davam edən Vətən müharibəsi zamanı ən müasir silahlara yiyələnən, intellektual potensiala malik olan gənclərimiz, peşəkar hərbçilərimiz qısa müddət ərzində rayonlarımızı, şəhərlərimizi, qəsəbə və kəndlərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdirdilər. Düşməndən təmizlənən torpaqlara əzəmətli Azərbaycan Bayrağı sancılırdı.

Qələbəmizin əsas faktorlarından ən başlıcası da əlbəttə, xalq-hakimiyyət birliyi idi. Çünki məhz bu birlik istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsi ilə Prezident seçilən İlham Əliyev müasir dövlət quruculuğunu daxili siyasətinin prioriteti elan etdi. Dövlət başçısı ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə məharətlə və əsaslı şəkildə uyğunlaşdıraraq, praktikada uğurla həyata keçirdi. Azərbaycanın bütün iqtisadi sistemi yenidən quruldu.

Əlbəttə, ötən illərin hər bir günü ölkəmiz və bölgəmiz üçün həlledici idi. Xüsusilə də son illərdə  respublikanın həyatında bir çox vacib hadisələr baş verdi. Təbii ki, bunların arasında ən möhtəşəmi 30 illik həsrətə son qoyularaq düşmən tapdağı altındakı torpaqlarımızın xilas edilərək ərazi bütövlüyümüzün bərpa edilməsi oldu.  Vətən müharibəsində qazanılan parlaq Qələbə tarixi ədaləti bərpa etdi.

Xalqın Prezidentinə olan birmənalı dəstəyi ilə Ali Baş Komandanın rəhbərliyi  altında rəşadətli ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı 44 gündə işğaldan azad etdi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi Qələbə ilə başa çatdı. Bu Zəfər şəhidlərimizin ruhunu şad etdi. Bu Qələbə Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytardı.

Xalq ona görə Prezident İlham Əliyevi sevir, ona etimad göstərir ki, o, son 19 il ərzində ölkəmizi uca zirvələrə yüksəltdi. İndi hər bir azərbaycanlı əzmini, peşəkarlığını, qətiyyətini, humanizmini, xeyirxahlığını yüksək qiymətləndirərək Prezident İlham Əliyevlə fəxr və qürur hissi keçirir, böyük Sərkərdəyə sonsuz inam bəsləyir.

Dünyada və regionda cərəyan edən proseslər, təlatümlər, yeni-yeni gərginlik ocaqlarının yaranması göstərir ki, Azərbaycanın tutduğu yol ölkənin milli maraqlarına hesablanıb. Prezident İlham Əliyevin qarşılıqlı maraqlara və bərabərhüquqlu münasibətlərə söykənən xarici siyasət kursunun məntiqi nəticəsi olaraq indi Azərbaycan regionun ən sabit və ən inkişaf edən ölkəsidir.

Bu gün Azərbaycanda həm təhlükəsizlik, həm də sabitlik təmin edilir. Bütün vətəndaşlar milli maraqları hər şeydən üstün tutaraq siyasi sabitliyin qorunmasında fəal iştirak etməlidirlər.

Daha çox xəbərlər