Region Xəbərləri 

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir.

Son vaxtlar dövlət başçımızın Brüsseldə, Praqada, Soçidə keçirilən üçtərəfli və dördtərəfli görüşlərdə göstərdiyi yüksək qətiyyət ölkəmizin Cənubi Qafqazda lider dövlət olduğunu bir daha təsdiqlədi. Bu qələbə Azərbaycanın İslam dövlətləri arasında da nüfuzunun yüksəlməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin 2022-ci il noyabrın 1-i tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı zamanı da bunun şahidi olduq. Prezident İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə fəxri qonaq statusunda iştirak edib. Belə bir nüfuzlu toplantıda təmsil olunmaq ölkəmiz üçün əlamətdar hadisədir. Ümumiyyətlə, Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusuna üzvdür. Sammitdə Azərbaycanın iştirakı İslam ölkələri arasında birliyin göstəricisidir. Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Dövlətimizin başçısının Sammitdəki çıxışı zamanı söylədiyi “Azərbaycan da Əlcəzair kimi zamanla işğala məruz qalıb. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayıb. Biz bu illər ərzində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik” fikri böyük maraqla qarşılandı. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliamı xatırladan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bu, dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Çünki Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb və bu da 1,5 milyon insanın ölümü ilə nəticələnib. “Fransanın o vaxt Əlcəzairdə törətdiyi qətliam Ermənistanın azərbaycanlılara qarşı qəddarlığının oxşarıdır. Azərbaycan Ərəb Dövlətləri Liqasına üzv ölkələrlə ikitərəfli əməkdaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə xüsusi önəm verir. Ümid edirik ki, bu əməkdaşlıq yaxın gələcəkdə daha da inkişaf edəcək. Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi Ərəb Liqasının 31-ci zirvə toplantısında çıxışı zamanı bildirib ki, “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”. Çıxışında bir daha Vətən müharibəsinə toxunan Prezident İlham Əliyev xatırlatdı ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Biz hər zaman sözümüzə, vədimizə, imzamıza sadiq qalmışıq, dəyişməmişik və dəyişməyəcəyik. Yolumuz da, hədəfimiz də bəllidir və bu yola, bu hədəfə doğru daim inamla, qətiyyətlə irəliləyəcəyik!
Vəfa Quliyeva – Bərdə rayon Heydər Əliyev Mərkəzinin muzey baxıcısı

Daha çox xəbərlər