Azərbaycan bayrağı müstəqilliyimizin rəmzidir
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Bayraq bizim ən dəyərli atributlarımızdandır. 100 ildən artıq tarixi olan bayrağımız millətçiliyimizdə, mənəviyyatımızda mühüm rol oynayır. Bayrağımıza hörmət və məhəbbət rəmzi olaraq Dövlət Başçımız xarici ölkələrə səfərə gedərkən milli bayrağımız onu qəbul edən dövlət tərəfindən qaldırılır. Təntənəli mərasimlərdə dövlət bayrağı gətirilərsə, tədbirdə iştirak edən hərbiçilər hərbi salam verirlər.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olundu. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldı.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdi. 70 il Azərbaycan xalqı doğma və əziz bayrağından zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azəribaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözlədi. Xalqımız möhtəşəm əzm və şücaət göstərdi və nəhayət, o gün gəlib çatdı. 1990-cı il noyabrın 7-də üçrəngli bayrağımız Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. Həmin tarix Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdardır. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanununu qəbul etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin sənədə əsasən ölkəmizdə 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi dəyərin bariz nümunəsidir.
Üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Ərazi bütövlüyümüzün, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu, canımız, qanımız olan müqəddəs üçrəngli bayrağımız 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər nəticəsində işğaldan azad edilmiş Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında və bütün Qafqazın incisi, qədim mədəniyyət mərkəzi, Qarabağın mirvarisi olan Şuşa şəhərində qürurla, vüqarla dalğalanır.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

