Gündəm 

Hərb meydanında, diplomatik müstəvidə və informasiya müharibəsində qalib Prezident

Möhtəşəm tarixi Qələbə ilə Azərbaycan həm ərazi bütövlüyünü, həm də tarixi ədaləti bərpa etdi

Müsahibimiz Milli Məclisin deputatı Kamran Bayramovdur

– Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uğurlu siyasət, xüsusilə ordu quruculuğu səahəsində həyata keçirilən tədbirlər nəticəsində 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandıq. Tarixi Zəfərin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artması bütün sahələrdə, o cümlədən ordu quruculuğunda davamlı addımların atılmasını şərtləndirdiırdi. Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi Qələbə qazanan Azərbaycan həm öz ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına müvəffəq oldu. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. Şuşanın azad edilməsindən bir gün sonra – Dövlət Bayrağı Günündə daha 72 yaşayış məntəqəsinin, ümumilikdə isə 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Bəyanatı imzalasın. Bu sənəd Ermənistanın hərbi kapitulyasiyası oldu. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdi. Xüsusilə qeyd etmək istəyirəm ki, bu dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində böyük üstünlük nümayiş etdirdi. Təbii ki, qazandığımız qələbədə bu amil müstəsna rol oynadı.

Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Ölkəmiz üçün yeni bir dövr – quruculuq dövrü başlayıb. Bu gün artıq işğal altında olan torpaqlarımızın azad edilməsindən sonra regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb. Prezident İlham Əliyev tərəfindən imzalanan «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiq edilməsi haqqında Sərəncam onu göstərir ki, Azərbaycan dövləti yaxın gələcəkdə nəinki həmin əraziləri bərpa edəcək, hətta oranı yenidən və innovativ əsaslarla qurmağa nail olacaqdır. Artıq bu istiqmətdə addımlar atılmaqdadır. Cənubi Qafqaz regionu bu gün Avropa və Asiya, Şimal və Cənub üçün ən səmərəli iqtisadi inteqrasiya platformasına çevrilib. Bu isə özlüyündə iqtisadi layihələrin reallaşması ilə yanaşı, həm də onun təhlükəsizliyinin və rentabelliyinin təmini istiqamətində Azərbaycanın gücündən müsbət mənada istifadə edilməsini aktuallaşdırır.

– Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilmədi. Sözü ilə əməli üst-üstə düşən Liderin dünyaya nümayiş etdirdiyi siyasəti necə şərh edərdiniz?

– Azərbaycan dövləti ərazilərinin 30 illik işğalına son qoymaqla, beynəlxalq təşkilatların icra etməli olduqları qətnamələri beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməklə özü yerinə yetirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıq formalaşdırdı. Heç şübhəsiz, yaradılan yeni reallıq ölkə daxilində siyasi münasibətlərə də sirayət edir. Siyasi sistemin daha da təkmilləşməsi baxımından siyasi partiyalarla ardıcıl və silsilə görüşlərin keçirilməsi cəmiyyətdə siyasi proseslərə yeni bir baxış, yeni bir yanaşma formalaşdırıb ki, məhz bunun özü də ölkədə cəmiyyətdaxili inamın dərinləşməsi, xaricdən isə gələ biləcək təzyiqlərin qarşısının daha da qətiyyətli alınması məsələlərində özünü büruzə verir. Ermənistanın baş naziri Nikol Paşinyanı kapitulyasiya aktına imza atmağa məcbur edən Prezident İlham Əliyev Dağlıq Qarabağ problemini tam aradan qaldırdı. Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, üçtərəfli Bəyanatdan irəli gələrək regionda yeni əməkdaşlıq imkanları yaranıb. Bütün bunlar həm də Cənubi Qafqazda yeni reallıqların ortaya çıxması deməkdir. Regionun rifahı və inkişafı da bu reallıqların davam etdirilməsindən keçir. Ermənistanın rəhbərliyi və düşmən ölkədəki revanşist dairələr bu reallıqları qəbul etməyə məhkumdurlar. Çünki müharibənin qalibi və regionun aparıcı dövləti olan Azərbaycan Ermənistana başqa imkan buraxmayıb.

Bütün dünya Azərbaycanın timsalında hər cür təzyiqlərə rəğmən torpaqlarını azad etməyə qadir olan dövləti, Prezident İlham Əliyevin nümunəsində müdrik, qətiyyətli və cəsarətli Lideri gördü. Xalqımız bu müharibədə sarsılmaz milli birliyin örnəyini yaratdı.

Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib.

– Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək qarşıda duran prioritetlərdəndir. Bununla bağlı nə deyərdiniz?

– Otuz ilə yaxın davam edən işğaldan qurtulan Qarabağda və Şərqi Zəngəzurda nəhəng yenidənqurma işləri bir an belə səngimir. Ermənistanın işğalı zamanı tamamilə dağıdılmış infrastruktur obyektləri, yerlə-yeksan edilmiş tarixi, mədəni və dini abidələr yenidən bərpa olunur, yollar çəkilir, emal və infrastruktur müəssisələri inşa edilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 10 yeni avtomobil yolu,  dəmir yolu xətləri, su elektrik stansiyaları, yarımstansiyalar, su xətləri inşa olunur. Həmçinin ermənilərin dağıtdıqları kənd və şəhərlərimizin  smart konsepsiyalar əsasında bərpasına başlanılıb. İndi işğaldan azad edilmiş yurd yerlərimizə həm də hava yolu ilə qayıdırıq. Bu baxımdan Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının siyasi əhəmiyyəti olduqca böyükdür. O cümlədən Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq Laçın Beynəlxalq Hava Limanı olduqca mühüm strateji əhəmiyyət daşıyacaq. Bu hava limanı Laçın və Kəlbəcər rayonları ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Bizi qarşıda Zəfərimizin təntənəsi olan yeni sevincli anlar gözləyir. Azərbaycan 9-u şəhər olmaqla tamamilə dağıdılmış yüzlərlə yaşayış məskəninin sıfırdan bərpa prosesinin necə aparıldığını bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Bu gün Azərbaycanın apardığı bərpa-quruculuq işləri dünyada təkrarı olmayan meqalayihədir. Dağıntılara və vandalizm aktlarına məruz qalan ölkələr ərazilərin bərpasını həyata keçirməkdə Azərbaycan təcrübəsindən bəhrələnə bilərlər.

Daha çox xəbərlər