Zəfərin qürurunu yaşamaq xoşbəxtliyi…
Bayramın mübarək, Azərbaycan!
Qalib ölkənin, azad Vətənin vətəndaşı olmaq nə gözəl duyğudur, ilahi! Bizə bu hisləri yaşatdığın üçün sənə şükr edirik, Tanrım! Bizə bu qüruru bəxş etdiyiniz üçün Sizə minnətdarıq, cənab Prezidentimiz, Ali Baş Komandanımız! Biz bu sevinci, bu Zəfər Gününü məhz Sizin qətiyyətiniz, cəsarətiniz, həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində yaşayırıq!
İki il öncəydi… Bu gün çoxumuzun şükr edən dili ilahini ədalətsizlikdə günahlandıra-günahlandıra, haqsızlığa yana-yana yaradana üsyan edirdi. Sənə güvəndik, sənə sığındıq, bəs niyə kafirin zülmünə göz yumursan, deyə! Ancaq uca Tanrı görürdü hər şeyi! Haqqın nazilsə də üzülməsinə, günahsız körpələrin, məsum qız-gəlinlərin, üzü nurlu ağsaqqal-ağbirçəklərin ahlarının yerdə qalmasına yol verməzdi. İşıqlı bir yol açdı bizim olanı geri almağımız, haqqımıza sahib çıxmağımız üçün.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev daha yetər, gün qisas günüdür, gün hamımızın birləşərək, “Dəmir yumruğ”a çevrilərək düşmənin başını əzməli olduğumuz gündür, gün ermənini torpaqlarımızdan iti qovan kimi qovmalı olduğumuz gündür, dedi! Və Sərkərdə işarə verdi, bir anda bütün xalq ayaqlandı Vətənin əsgəri olmaq üçün. Yağı üstünə yerişindən-yürüşündən yer titrədi mərd oğulların, düşmən pərən-pərən düşdü, xarabaya çevirdiyi kəndlərimizi, şəhərlərimizi qoyub qaçdı, canını qurtarmağa çalışdı. İşğalı illər sürən torpaqlarımızın azad olunması üçün cəmi 44 gün kifayət etdi. Və artıq iki ildir ki, həyat qayıdır o yerlərə, müqəddəsliyi özünə qayıdır, arınır, təmizlənir torpaq!
İki il öncəydi… Qəflətən sükut pozuldu, yer yerindən oynadı, göyün bağrı yarıldı. Zirvəsində dayanıb uzünü Tanrıya tutan bozqurdun ulartısından dağlar daş yuxusundan oyandı. Qoca Türkün, uca Türkün hayqırtısına haylar pərən-pərən düşdü, torpaq müqəddəsliyinə qovuşmaq, yenidən öz sahiblərinin Vətəni olmaq üçün qana susadı. Qarabağın, Şərqi Zəngəzurun səmasını Türkün “əbabil quşları” bürüdü, süzüb-süzüb düşmənin başına öd ələdilər. Elin igid ərləri, ərənləri böyük Sərkərdənin əmri ilə haqq savaşına yürüdülər, “Eyyy, yurdumu yağmalamış namərd kafir, ölümlərdən ölüm bəyən, hesab çəkməyə, can almağa gəlirik!” dedilər. Yorulmadan, gecə-gündüz demədən qarış-qarış, addım-addım böyük Zəfərə doğru irəlilədilər – ölümdən qorxmadan, yağıya arxa çevirmədən, sinəsini dəyib Vətəni incidər deyə düşmənin gülləsinə sipər edərək, canından keçməyi, şəhidlik məqamına ucalmağı xoşbəxtlik, şərəf bilərək, geri qayıtmamaq üçün yarasını gizləyərək…
İrəlilədilər, irəlilədilər və gəlib quş qonmayan sıldırımları ilə gözəl Şuşamıza, qeyrət qalamıza dırmaşaraq, əliyalın tankın-topun üstünə yeriyib düşməni dişiylə-dırnağıyla parçalayaraq, belini qıraraq dünyanı heyrətə salan qəhrəmanlıq dastanı, Zəfər tarixi yazdılar, canlı əfsanəyə çevrildilər! Vətənin düşmən əsarətində inləyən dağıdılmış, viran qoyulmuş parasını, parçasını azad edib ürəyi Qarabağla, Şərqi Zəngəzurla döyünən hər kəsə qələbə xoşbəxtliyini – Zəfər Gününü yaşatdılar!
Tanrı şahiddir ki, bizim apardığımız müqəddəs savaş haqq savaşı idi, bizim olanı geri almaq savaşı idi. Ancaq Tanrı ona da şahiddir ki, biz bu savaşda yalnız mənfur, qorxaq, şərəfsiz erməni ilə, onun xislətindən gələn yalançılıqla hamını inandırmağa çalışdığı “məğlubedilməz” ordusu ilə, “keçilməz Ohanyan səddi” ilə qarşı-qarşıya deyildik, az qala dünyanı yarısını qarşımıza almışdıq. Beynəlxalq hüquqa, ədalətə tüpürən, qonşuluğu öz maraqları naminə tapdalayan, hətta dinə-imana naxələf çıxanlar işğalçının yanında durmuşdular, bizə təzyiqlər edirdilər, şər atırdılar. Ermənistana gizli-aşkar yardım edənlər bizim Qələbəmizi nə gözləmirdilər, nə də istəmirdilər. Ancaq Ali Baş Komandanımız bütün təzyiqlərə sinə gərdi, haqqa-ədalətə tüpürənlərə haqqın-ədalətin necə bərpa edildiyini göstərdi, şər atanları susdurdu! Bax həm də buna görə tariximizin cəmi 44 günə qızıl hərflərlə yazılmış şanlı səhifəsi bu qədər önəmlidir.
Vətən müharibəsi bizi sevən və sevməyən hər kəsə birliyimizi, həmrəyliyimizi göstərdi. Sübut etdi ki, milliyyətindən, dilindən və dinindən asılı olmayaraq hər kəs Azərbaycanın bütövlüyü naminə öz Müzəffər Sərkərdəsinin ətrafında yumruq kimi birləşməyə, canını fəda etməyə hazırdır və qadirdir. Heç kim aramıza nifaq toxumu səpib bizi ayıra bilməz. Zəfərimiz həm də buna görə əhəmiyyətlidir, bu qədər dəyərlidir.
Ruhunuz şaddır, şəhidlərimiz, bu xoş günləri yaşamağımızda haqqınız bir ömür boyu ödənməz. Canınız sağ olsun, sağlamlığını Vətən üçün əsirgəməyən əziz qazilərimiz, hər birinizə borcluyuq. Sənə bütövlük, azadlıq çox yaraşır, gözəl yurdum. Sən qələbələrə layiqsən, Azərbaycan! Zəfər Günün mübarək, Vətən!

