10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat qələbəmizin təsdiqi oldu
Tarix boyu bizə qarşı düşmən mövqeyi nümayiş etdirən mənfur qonşularımız xalqımızın başına o qədər bəlalar gətiriblər ki, saymaqla qurtaran deyil. Təkcə müasir dövrümüzün hadisələrini yada salmaq kifayət edir ki, ermənilərin törətdiyi cinayətlər haqqında tam təsəvvür yaransın.
XX əsrin 90-cı illərində Qarabağ torpaqlarının işğal edilməsi və bu zaman xalqımıza qarşı törədilən cinayətlərin üstündən 30 ilə yaxın bir vaxt keçir. Bir milyondan çox soydaşımız qaçqın həyatı yaşamağa məcbur oldu. 11557 hərbi qulluqçu şəhid oldu. Xalqımız bu ağır sınaqdan da üzüağ çıxmağı bacardı. İqtisadiyyatımızın və ordumuzun güclənməsi proseslərə nəzarət etməyə imkan yaratdı. Nəhayət, hamımızın gözlədiyi o gün gəlib çatdı. 27 sentyabr 2020-ci ildə düşmənin təxribatına qarşı başlanan əks-hücumla işğal altında qalan torpaqlarımız azad olunmağa başladı. İgid Azərbaycan əsgəri öz gücünü döyüş meydanında göstərməyə başladı. Ardıcıl olaraq işğal altında olan rayonlarımız, qəsəbə və kəndlərimiz, dağlarımz, təpə və düzlərimiz 30 ildən sonra düşmən tapdağından azad olundu. Azərbaycan əsgəri öz gücü ilə, şücaəti ilə sürətlə irəliləyir, düşmənin canlı qüvvəsini və döyüş texnikasını məhv edirdi. Düşmənlərimizlə bərabər bütün dünya heyrət içində bu prosesi izləyir və birmənalı şəkildə anlayırdılar ki, bir xalq ayağa qalxıb öz torpaqlarının azadlığı uğrunda mübarizə apararsa, onun qarşısını heç bir qüvvə kəsə bilməz.
44 gün davam edən II Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbəmizlə başa çatdı. Azərbaycanla Ermənistan arasında müharibəni başa çatdıran 10 noyabr üçtərəfli bəyanatının imzalandı. Həmin bəyanatın imzalanmasından iki il ötür. Bu bəyanat Ermənistanın biabırçı kapitulyasiyası idi. Azərbaycan ordusunun apardığı hərbi əməliyyatların uğurlu məntiqi davamı olan bu sənəd hərbi gücün yaratdığı strategiyanın başlanğıcı idi. 10 noyabr bəyanatı sülh müqaviləsinin rüşeymi rolunu oynadı. Bəyanatdan sonra Azərbaycan Ermənistan üzərində hərbi – siyasi qüdrətini yeni fazaya daxil etdi.
Qardaş Türkiyə bəyanatın tərəflərindən olmasa da, həmin sənəddə yazılan bir şərt əsasında Ağdamda Atəşkəsə Nəzarət üzrə Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzi yaradıldı. Bununla da Türkiyə rəsmi qaydada mübahisəli məsələlərin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayır.
10 noyabr bəyanatından sonra Ermənistanın özü haqqında yaratdığı mif darmadağın oldu. Bundan sonra Ermənistanda siyasi böhran dərinləşməyə başladı. 30 il ərzində yaradılmış yanlış fikir 44 gün ərzində mənasını itirdi. İndi bütün dünya Azərbaycan ordusunun, Azərbaycan siyasi hakimiyyətinin və Azərbaycan xalqının gücünü gördü. Dünyanın siyasi arenalarından başlayan bu mübarizə öz bəhrəsini döyüş meydanlarında verməyə başladı. Məhv olmuş və ya məhv olmaqdan qorxan erməni əsgərlərinin videogörüntüləri KİV vasitəsilə yayıldı. Bununla bərabər məğrur, döyüşkən, mübariz Azərbaycan əsgərinin də görüntüləri yayıldı. Yuxarıda haqqında danışdığımız mif tarixə qovuşdu. İndi hamı Azərbaycan əsgərinin qüdrətindən danışırdı.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqı birlik nümayiş etdirərək ordunun, əsgərinin yanında oldu. Ehtiyatda olan əsgər, gizir və zabitlərimizin əksəriyəti yenidən könüllü olaraq ordu sıralarına qatıldı. Arxa cəbhədə olanlar da maddi və mənəvi yardım etməklə düşmənin torpaqlarımızdan qovulmasında öz bacarıqlarını əsirgəmədilər. Cənab İlham Əliyev hər gün mətbuat vasitəsilə xalq qarşısına çıxır, qazandığımız uğurlardan danışır, xalqı qələbəyə ruhlandırırdı. Hamı o günlərdə cənab İlham Əliyevin öz xalqına , xalqın da öz Prezidentinə nə qədər güvəndiyinin şahidi oldu. Məhz bu inamın sayəsində qələbə qazandıq.
10 noyabrda qazandığımız qələbə bir başlanğıc idi. Keçən zaman göstərir ki, biz düşmən üzərində hələ çox qələbələr qazanacağıq. Qarabağ yenə gülüstana dönəcək, Şuşamızda xarıbülbül bitəcək, digər rayonlarımız da inkişaf edəcək, abadlaşacaq. Şəhidlərimizin ruhları azad etdikləri torpaqların səmasında dolaşacaq və daim şad olacaq.
Bədəl Hüseynov,
Bakı şəhəri, Xətai rayonu 221 nömrəli tam orta məktəbin təlim-ərbiyə işləri üzrə direktor müavini

